İQTİSADİYYAT
“Dövlət ehtiyatları haqqında” qanun layihəsinə düzəlişlər edilir
![](/files/galleryphoto/2023/3/1200x630/17014207993632150194_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014207994167213413_1200x630.jpg)
Bakı, 1 dekabr, AZƏRTAC
“Dövlət ehtiyatları haqqında” qanun layihəsinə düzəlişlər edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Belə ki, 5.1-ci maddəyə əsasən strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Təklif olunur ki, bu siyahı yalnız strateji əhəmiyyətli malların adlarını deyil, eyni zamanda, həmin malların (onların bir hissəsinin) ölkə üzrə tələb olunan minimal həcmlərini də əks etdirsin. Bu məqsədlə “strateji əhəmiyyətli malların siyahısı” sözlərindən sonra “həmin malların, o cümlədən onların bir hissəsinin ölkə üzrə tələb olunan minimal həcmi də əks olunmaqla” sözləri təklif olunur. Həmin düzəlişə uyğun olaraq 5.2-ci maddəyə də müvafiq düzəliş edilir.
Eyni zamanda, 6.1.2-ci maddəyə təklif olunan düzəlişə əsasən, strateji və fövqəladə ehtiyatların tədarükü və təchizatçıların seçilməsi sahəsində dövlətin vəzifələrinin səfərbərlik ehtiyatlarına da şamil edilməsi təmin olunur. Təklif olunur ki, ehtiyatların saxlanıldığı yerlərə baxış keçirmək hüququ məsul qurumun istənilən işçilərinə deyil, müvafiq səlahiyyətə malik nümayəndələrinə həvalə edilsin. Bunun üçün 12.3-cü maddədə “işçiləri” sözü “müvafiq səlahiyyətli nümayəndələri” sözü ilə əvəz edilir.
Həmçinin qanun layihəsində dəqiqləşdirici və texniki xarakterli 10-a yaxın düzəlişlər də edilib. Bütün dəyişikliklər qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə razılaşdırılıb.