DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ VƏ ÖZƏLLƏŞDİRİLMƏSİ SAHƏSİNDƏ ALMANİYA TƏCRÜBƏSİ ÖYRƏNİLİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində səmərəliliyin və şəffaflığın artırılması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə böyük önəm verir.
DƏİEDK-dən AZƏRTAC-a bildirmişlər ki, bu istiqamətdə digər ölkələrin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi, beynəlxalq donor təşkilatların maliyyə və texniki yardımları, həmcinin onların məsləhət xidmətlərindən istifadə olunması istiqamətində zəruri işlər görülür. Belə ki, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə komitənin bir qrup əməkdaşının Almaniyaya səfəri təşkil edilmişdir. Səfərin məqsədi Almaniyada aparılmış özəlləşdirmə prosesi, dövlət müəssisələrinin restrukturizasiyası (müəssisənin fəaliyyətinin kompleksli dəyişdirilməsi) və sağlamlaşdırılması, habelə dövlət paylarının idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, kommunal və infrastruktur sahələrinə aid müəssisələrin işinin təşkili ilə tanışlıq olmuşdur.
Komitənin əməkdaşları Şərqi Almaniyada keçirilmiş kütləvi özəlləşdirmə prosesinin təşkili və metodları, özəlləşdirmə zamanı qarşıya qoyulmuş əsas vəzifələrlə maraqlanmış, federal hökumətin idarəçiliyində olan ayrı-ayrı müəssisələrin özəlləşdirilməsi təcrübəsini öyrənmişlər.
Kommunal infrastruktur müəssisələrinin islahatı təcrübəsini öyrənmək üçün nümayəndə heyəti Saksoniya-Anhalt vilayətinin Mansfeld-Züdharts dairəsində kommunal xidmətlər göstərən müəssisələrin fəaliyyəti ilə tanış olmuşlar.
İkitərəfli və çoxtərəfli əməkdaşlığın uğurlu inkişafı, qarşılıqlı və faydalı əlaqələrin genişləndirilməsi məqsədilə DƏİEDK tərəfindən gələcəkdə də aidiyyəti qurum və təşkilatlarla əməkdaşlığın davam etdirilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.