ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində görüş
Bakı, 2 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi və Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin fəaliyyətində müxtəlif təşkilatların, ictimai birliklərin nümayəndələrinin iştirakının vacib olduğunu söyləyib. Qeyd edib ki, DİM həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin idarə olunmasında ictimaiyyət nümayəndələrinin iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, qurumun fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunur.
Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, assosiasiya valideyn-müəllim-şagird əməkdaşlığının genişləndirilməsi, məktəblərə dəstək, uşaqların maraqlarının qorunması və digər istiqamətlərdə fəaliyyət göstərir və bu sahədə DİM-lə əməkdaşlıqda maraqlıdır.
Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Ruhiyə Məmmədova isə abituriyentlərə və onların valideynlərinə psixoloji dəstək göstərilməsi və maarifləndirmə işləri məqsədilə birgə tədbirlərin keçirilməsini təklif edib.
Müzakirələrin sonunda hər iki təşkilatla əlaqələrin daha da genişləndirilməsi və DİM tərəfindən onlara lazımi dəstəyin göstərilməsi qərara alınıb. DİM-in əməkdaşları Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyi ilə imtahan öncəsi stressin idarə olunması, abituriyentlərin və onların valideynlərinin imtahana psixoloji hazırlığı və digər məsələlərlə bağlı keçirilən təlimlərdə iştirak edəcək və təcrübələrini bölüşəcəklər.
Həmçinin Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin valideyn və şagirdlər üçün Bakıda və bölgələrdə təşkil ediləcək “Məktəb ailəsi təlim-istirahət düşərgə”lərində mərkəzin fəaliyyəti, imtahanlara hazırlıq, qəbul qaydaları haqqında məlumat vermək, valideynlərin maarifləndirilməsi işində dəstək göstərilməsi üçün DİM-in əməkdaşları təlimlərdə iştirak edəcəklər.