DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ “İQTİSADİ ARTIM-2006” MÖVZUSUNDA II BEYNƏLXALQ TƏLƏBƏ KONFRANSI KEÇİRİLİR
Türkiyə, Misir, Böyük Britaniya, Çin, Latviya, Gürcüstan və digər ölkələrdən gəlmiş tələbə və gənc tədqiqatçıların iştirak etdikləri tədbirdə ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək xalqımızın ümummilli lideri, qüdrətli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, dahi rəhbərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini bildirmişdir.
Heydər Əliyev iqtisadi strategiyasının uğurlu nəticələrini, ölkəmizdə qazanılan nailiyyətləri konkret faktlarla diqqətə çatdıran rektor, bütün müvəffəqiyyətlərin ümummilli liderimizin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulamışdır.
Təhsil nazirinin müavini İradə Hüseynova, İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət və proqnozlaşdırma departamentinin rəhbəri Şahin Sadıqov ulu öndərimiz Heydər Əliyevin gənclərə və təhsilimizə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, konfransın əhəmiyyətini vurğulamış, iştirakçılara müvəffəqiyyətlər arzulamışlar.
Sonra ayrı-ayrı bölmələrdə iqtisadi artım, iqtisadi artımın proqnozu, regionların inkişafının makro-iqtisadi modelləri və s. mövzular üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.
Konfrans dekabrın 14-də öz işini davam etdirmişdir.