Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan Müəllim İnkişafı Mərkəzi arasında memorandum imzalanıb
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) direktoru Qrem Pollok, təhsil mütəxəssisi Bronvin Pollok, təhsil ekspertləri Asif Cahangirov və İlkin Həsənov ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ADPU ilə AMİM arasında əməkdaşlıq və məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən müəllimlərin inkişafı, eyni zamanda, tələbə və akademik heyət üçün nəzərdə tutulan ustad dərslərinin təşkili məsələləri müzakirə edilib.
Sonra ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb. Sənədi professor C.Cəfərov və Q.Pollok imzalayıblar.
Memorandumda hər iki qurum arasında əməkdaşlığın, faydalı proqramların, müəllimlər üçün treninqlərin keçirilməsi, layihələrin və qarşılıqlı fəaliyyətlərin inkişafı nəzərdə tutulur.
Qeyd edilib ki, ADPU-nun müəllim və tələbələri üçün nəzərdə tutulan bu layihələr, proqram və treninqlər müasir təlim metodları çərçivəsində ibtidai sinif müəllimlərinin öyrətmə bacarıqları və strategiyalarının yüksəldilməsi, onların inkişafı və istifadəsi, müntəzəm qiymətləndirməsi, müəllimin rolu və əsas öhdəliklərinin aşılanması istiqamətində həyata keçiriləcək.
ADPU-nun rektoru, professor C.Cəfərov və AMİM-in direktoru Q.Pollok iki qurum arasında anlaşma memorandumunun imzalanmasından məmnunluqlarını bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.