DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN ƏMƏKDAŞLARI İRANDAN ÖLKƏMİZƏ KÜLLİ MİQDARDA NARKOTİK MADDƏ KEÇİRİLMƏSİNİN QARŞISINI ALMIŞLAR
AZƏRTAC xəbər verir ki, Dövət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir sıra səmərəli tədbirlər həyata keçirmişlər.
DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, iyunun 26-da Astara rayonunun “N” saylı sərhəd zastavasının ərazisində İran istiqamətindən dövlət sərhədini pozaraq ölkəmizə külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınmışdır. Sərhədçilərin sayıqlığı nəticəsində sərhəd pozucuları öz niyyətlərini həyata keçirə bilməmiş, əllərindəki qaçaqmalı ataraq, geriyə - müqabil əraziyə qaçmışlar. Hadisə yerində qaçaqmalçılara məxsus 53 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür.
Faktla bağlı Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ölkə ərazisində “Xaşxaş-2008” şərti adı altında DSX əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonunun “Yemçilik Birliyi” adlanan ərazisində 1,5 hektar sahədən 2 ton 300 kiloqram, Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində 3 hektar sahədən 7 ton 264 kiloqram, Qazax rayonunun ərazisində Bakı-Tbilisi magistral yolunun 497-ci kilometrliyində 0,22 hektar sahədən 2 ton 510 kiloqram, Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisindən 1,5 hektar sahədən 3 ton 200 kiloqram yabanı şəkildə bitmiş çətənə kolu yığılaraq, yandırılıb məhv edilmişdir.