“DÖVRÜMÜZÜN SALNAMƏSİ. İNKİŞAF VƏ QURUCULUQ İLLƏRİ “AZƏRBAYCAN”DA” DİSKİ MİLLİ KİTABXANAYA TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzeti redaksiyasının hazırladığı və 2003-2008-ci illəri əhatə edən “Dövrümüzün salnaməsi. İnkişaf və quruculuq illəri “Azərbaycan”da” diski M.F.Axundov adına Milli Kitabxanaya təqdim olunmuşdur.
Təqdimetmə mərasimində Milli Kitabxananın direktoru Kərim Tahirov bildirmişdir ki, təmsil etdiyi qurum Azərbaycan həqiqətlərinin, dövlətçiliyimizin inkişafı ilə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görür. Milli mətbuatımızın inkişafında böyük xidmətləri olan “Azərbaycan” qəzetində son beş ildə dərc edilmiş bütün materialların elektron variantının kitabxanaya təqdim edilməsi olduqca təqdirəlayiqir. Bu diskdə Prezident İlham Əliyevin son beş ildə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin dünyaya tanıdılması istiqamətində gördüyü işlər, iqtisadi, siyasi inkişafla bağlı bütün materiallar yer almışdır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov son 5 ildə Azərbaycanda baş verən müsbət dəyişikliklərdən, dörülən işlərdən, əldə edilmiş uğurlardan söz açmışdır.
B.Sadıqov vurğulamışdır ki, hazırlanmış bu disk “Dövrümüzün salnaməsi. İnkişaf və quruculuq illəri “Azərbaycan”da” adlanır. Buradakı materiallar 2003-2008-ci illəri əhatə edir. Həmin müddətdə ölkəmizdə böyük regional layihələr həyata keçirilmiş, müxtəlif sahələri əhatə edən 40-dək dövlət proqramı qəbul olunmuşdur. Prezident İlham Əliyevin gördüyü bütün işlər, etdiyi səfərlər, keçirdiyi tədbirlər barədə materiallar “Azərbaycan” qəzetində dərc edilmişdir. Bir sözlə, bütövlükdə 2003-2008-ci ildə vacib, həyati əhəmiyyətli, müstəqilliyimizin inkişafı baxımından nələr baş vermişdirsə, hamısı bu qəzetin səhifələrində işıq üzü görmüşdür. Bu materialların xeyli hissəsi AZƏRTAC-a məxsusdur. Bu gündən etibarən həmin diskdən istənilən vətəndaş yararlana biləcəkdir.
Bildirilmişdir ki, “Azərbaycan” qəzetində dərc edilmiş bütün materiallar hər ilin sonunda elektron variantda hazırlanaraq kitabxanaya təqdim ediləcəkdir.
Tədbirdə çıxış edən Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev demişdir ki, bu disk ölkəmizin siyasi və sosial-iqtisadi cəhətdən sürətli inkişafının mühüm bir dövrünü əhatə edir. Azərbaycanda bir milyona yaxın internet istifadəçisinin olduğunu vurğulayan V.Əliyev, bu baxımdan diskin böyük əhəmiyyət daşıdığını bildirmişdir. “Azərbaycan” qəzeti tərəfindən görülmüş işi yüksək qiymətləndirən Vüqar Əliyev vurğulamışdır ki, bu disk geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
######
![]() |
![]() |

