DST xəstəlik ocaqlarına reaksiya üzrə beynəlxalq tibbi-sanitariya qaydalarını yenidən nəzərdən keçirəcək
Bakı, 25 avqust, AZƏRTAC
Mövcud qaydalar çərçivəsində Dünya Səhiyyə Təşkilatının (DST) zəruri səlahiyyətləri yoxdursa, onda həmin qaydaları dəyişməyin vaxtıdır. Bu, mürəkkəb məsələdir, lakin bizim təlimatlar müasir reallıqlara uyğun olmalıdır. Axı indi dünyada hər gün 8,5 milyon nəfər yerini dəyişir. Belə şəraitdə yoluxucu xəstəliklər çox böyük sürətlə yayılacaq.
AZƏRTAC BMT-nin Xəbər Mərkəzinə istinadla bildirir ki, Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çen bu fikri Beynəlxalq tibbi-sanitariya qaydalarına yenidən baxılması üzrə Komitənin Cenevrədə, DST-nin himayəsi altında keçirilən iclasında söyləyib.
Komitənin iştirakçıları Ebola qızdırmasına oxşar epidemiyaların qarşısının alınması üzrə yeni tədbirlər görmək niyyətindədirlər.
Hazırda qüvvədə olan beynəlxalq tibbi-sanitariya qaydaları 2005-ci ildə qəbul edilib. Epidemiyaların qarşısının alınması və təhlükəli infeksiyalara reaksiya üzrə təxirəsalınmaz tədbirlər həmin qaydalara əsasən müəyyən edilir. H1N1, poliomielit və lap yaxın vaxtlarda Ebola qızdırması geniş yayılmağa başlayarkən həmin qaydalar fəal tətbiq edilirdi. Lakin 11.300 nəfərin ölümü ilə nəticələnmiş Ebola böhranı bu qaydaların zəif yerlərini üzə çıxardı. İndi DST-nin komitələrindən birinə həmin qaydaları yenidən nəzərdən keçirmək tapşırılıb. Məqsəd budur ki, DST-nin üzvü olan dövlətlər və bütün beynəlxalq birlik oxşar epidemiya hallarında daha təsirli reaksiya göstərə bilsinlər.
Qeyd edək ki, sözügedən qaydalara yenidən baxılması barədə tapşırıq verilmiş komitə öz işini 2016-cı ilin may ayına qədər, yəni Səhiyyə üzrə yeni Ümumdünya Konfransı başlayana qədər yekunlaşdırmalıdır.