İQTİSADİYYAT
DTX-nin Kibertəhlükəsizlik Mərkəzinin rəisi: Mülki Müdafiə Planında kibertəhdidlər barədə məsələ öz əksini tapıb
![DTX-nin Kibertəhlükəsizlik Mərkəzinin rəisi: Mülki Müdafiə Planında kibertəhdidlər barədə məsələ öz əksini tapıb](/files/2023/3/1200x630/16983196076320213231_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Kibertəhlükəsizlik xidməti provayderi üzrə Azərbaycanda bir neçə şirkət fəaliyyət göstərir. Hazırda türkiyəli mütəxəssislərlə bir sıra məsələlərdə ölkəmizdə birgə fəaliyyət göstəririk. Artıq Mülki Müdafiə Planında kibertəhdidlər barədə məsələ öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “CIDC 2023” çərçivəsində keçirilən “Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?” mövzusunda konfransda deyib.
“Təəssüflə bildirmək istərdim ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da SCADA (Supervisory Control and Data Acquisition) sistemi üzrə kadr çatışmazlığı var. Həmçinin SCADA security sistemi üzrə şirkətlərin çatışmazlığı var.
Bu sistem kompüter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə sistemidir. Sistem iqtisadiyyatın bir çox sahələrində istifadə olunduğu kimi, enerji sistemində və elektrik şəbəkələrində də tətbiq olunur və uğurla həyata keçirilir.
Sistemin əsas funksiyası - şəbəkəni və ya enerji sistemini operativ idarə edən dispetçerlə (personalla), idarə olunan şəbəkə arasında birbaşa vizual əlaqə yaradır. Bu sistem vasitəsi ilə şəbəkənin elektrik avadanlıqlarına nəzarət və onları idarə etmək, təcili əməliyyat çevrilmələri həyata keçirmək, hadisələri təhlil və analiz etmək, ölçülər aparmaq, hesabatlar hazırlamaq mümkündür”, - deyə D.Rüstəmov əlavə edib.