Dünya 44 gündə Azərbaycanın şanlı Qələbəsinə şahid oldu
İsmayıllı, 30 oktyabr, AZƏRTAC
Ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına qısa vaxtda - 44 gündə bütün dünya Azərbaycanın şanlı Qələbəsinə şahid oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə İsmayıllının İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən “Qarabağ Azərbaycandır!” adlı tədbirdə ətraflı danışılıb.
Rayon təhsil şöbəsinin əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının, müəllim və şagird kollektivlərinin iştirak etdikləri tədbirdə öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Gündüz Qədirov otuz il düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qazanılan Qələbədən, xalq-ordu birliyindən danışıb, Zəfər Gününün Azərbaycan tarixinə unudulmaz bir tarix kimi yazıldığını söyləyib.
Tədbirdə çıxış edən qazilər müharibə xatirələrindən danışıb, bu cür tədbirlərin məktəblilərin maarifləndirilməsində, cəsur, vətənpərvər ruhda böyümələrində əhəmiyyətli olduğunu vurğulayıblar.
Sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.