DÜNYA BANKININ NÜMAYƏNDƏLƏRİ İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ OLMUŞLAR
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur sektorunun direktoru Peter Tomsonun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan və Dünya Bankı arasındakı əlaqələrin mövcud vəziyyəti, Bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Nazir Heydər Babayev Azərbaycanın Dünya Bankı ilə səmərəli əməkdaşlıq etdiyini bildirmiş və qurumun Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən layihələrin iştirakçısı olduğunu vurğulamışdır. Demişdir ki, nazirlik də Dünya Bankı ilə fəal əməkdaşlıq edir və bir sıra layihələrin icrasında birgə fəaliyyət göstərir. Belə layihələrdən biri də hər iki qurumun əməkdaşlığı çərçivəsində hazırlanan “Təmiz şəhər” layihəsidir. Yaxın vaxtlarda bununla bağlı müvafiq sənədin təsdiq olunacağı gözlənilir.
Peter Tomson Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini bildirmişdir. Görüşlərin əsas məqsədi Dünya Bankı ilə Azərbaycan arasındakı gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməkdir. Bank rəsmisi Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gözlənilən nəticələr barədə də məlumat vermişdir. Qeyd olunmuşdur ki, bankın dəstəyi ilə ekoloji sahədə “Azərsu” ASC ilə birgə “Hövsan Elektrik Stansiyasından dənizə çıxış” layihəsinin icrasına başlanmışdır. Layihənin icrası çirkli suların toplanmasında və təmizlənməsində mühüm rol oynayacaqdır. Digər layihə bərk tullantıların emalı ilə bağlıdır. Artıq Dünya Bankının dəstəyi ilə Fövqəladə Hallar Nazirliyi ilə birgə 1000 hektar sahənin təmizlənməsinə başlanmışdır. Nəqliyyat sektorunda da Dünya Bankı ilə birgə layihələr həyata keçirilir. Bu layihələr, əsasən, dəmir yollarının və magistral yolların bərpası ilə bağlıdır. Bununla belə, Dünya Bankı Dəniz Limanının Bakı şəhərindən köçürülməsi, metro sisteminin təkmilləşdirilməsi, infrastrukturun yaxşılaşdırılması sahəsində də Azərbaycanla əməkdaşlığa hazırdır.
P.Tomson qeyd etmişdir ki, Dünya Bankı şəhər infrastrukturunun bərpası sahəsində də təcrübəyə malikdir. Qurum Çin və Türkiyə ilə bu sahədə əməkdaşlıq edir. Bank Bakıda da infrastrukturun inkişafı istiqamətində birgə fəaliyyət göstərə bilər. Qonaq Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi, eləcə də həyata keçirilən digər iri layihələrin icra vəziyyəti ilə də maraqlanmışdır.
Heydər Babayev bildirmişdir ki, bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi layihəsi ilə bağlı bir çox işlər görülmüşdür. Zavodun tikintisi üzrə tender keçirilmişdir. Tenderdə Fransanın CNİM şirkəti qalib gəlmişdir. Hazırda zavodun tikintisi ilə bağlı Azərbaycan hökuməti və şirkət arasında bağlanacaq müqavilə üzrə danışıqlar aparılır.
Görüşdə Dünya Bankının menecerləri, Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak iştirak etmişlər.
######
