DÜNYA BANKININ TƏRƏFDAŞLIQ STRATEGİYASININ TƏQDİMATI OLMUŞDUR
Təqdimat mərasimində bildirilmişdir ki, çoxdan bəri haqqında danışılan bu strategiya dekabrın 7-də Dünya Bankının İcraçı Direktorlar Şurası tərəfindən təsdiq olunmuşdur. Sənəd elə bir mərhələdə qəbul edilmişdir ki, Azərbaycan artıq aşağıgəlirli ölkədən tamhüquqlu ortagəlirli ölkə statusuna doğru irəliləyir. Strategiya Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti, beynəlxalq ictimaiyyət, o cümlədən ölkədə fəaliyyət göstərən donorlar və beynəlxalq təşkilatlarla sıx məsləhətləşmələr şəraitində hazırlanmışdır.
Tədbirdə bu strategiyanın məqsədlərindən, sənədin əhatə etdiyi istiqamətlərdən geniş danışılmış, qeyd olunmuşdur ki, o, əsasən dörd istiqamətdə fəaliyyət göstərəcəkdir. Bunlar dövlət sektorunun idarəçiliyində keyfiyyətin və şəffaflığın təkmilləşdirilməsi, qeyri-neft sektorunun davamlı inkişafına yardım, sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitin qorunmasının təmin olunmasıdır.
Azərbaycanla Dünya Bankının əlaqələrinin inkişaf perspektivlərindən də danışılmışdır. Vurğulanmışdır ki, Dünya Bankı Azərbaycan hökuməti ilə birlikdə iri infrastrukturların, sosial layihələrin hazırlanmasına cəlb ediləcək və bu layihələrin həyata keçirilməsində bankın dünyanın 150 ölkəsində qazanılan təcrübəsi tətbiq olunacaqdır.
Tədbirdə ölkə ilə bank arasında əlaqələrin tarixi də xatırlanmışdır. Qeyd olunmuşdur ki, Dünya Bankı ilə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın tarixi 1994-cü ildən başlayır, ardıcıl olaraq inkişaf edir.
Sonda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.