Dünya Səhiyyə Təşkilatı beş hepatit virusuna qarşı mübarizədə səyləri artırmağa çağırmışdır
Bakı, 25 iyul (AZƏRTAC). Dünya Səhiyyə Təşkilatı (DST) ölkə hökumətlərinə müraciət edərək, onları hər il dünyada 1,4 milyon insanın ölümünə gətirib çıxaran beş hepatit virusuna qarşı mübarizədə səyləri artırmağa çağırmışdır.
DST hepatit təhlükəsi barədə məlumatını artırmaq üçün hər il iyulun 28-də Ümumdünya Hepatit əleyhinə Mübarizə Gününü qeyd edir. Hepatit A, B,C, D və E virusları kəskin və xroniki infeksiya, habelə qara ciyər sirrozu və xərçəngi ilə nəticələnən qara ciyər iltihabı əmələ gətirir.
2013-cü ildə Ümumdünya Hepatit əleyhinə Mübarizə günü “Bu hepatitdir. Onu tanıyın. Özünüzü ondan qoruyun” şüarı ilə keçirilir. Kampaniya zamanı diqqət belə bir faktın üzərində cəmləşdirilmişdir ki, dünyanın əksər regionlarında insanlar bu təhlükəli virusların sağlamlıq üçün nə qədər təhlükəli olduğunu bilmirlər.
Dünyada milyonlarla insan viruslu hepatitə yoluxmuşdur, milyonlarla insan isə yoluxma riski ilə üzləşir. Xroniki hepatit B və C infeksiyası olan insanların çoxu virus daşıyıcıları olduqlarını bilmirlər. Çox vaxt hepatit uzun illər ərzində əlamətsiz inkişaf edir və xroniki qara ciyər xəstəliyinə çevrilir. Bu səbəbdən DST hepatit xəstəliyini “gizli epidemiya” adlandırır.
Hər il 1,4 milyon adam viruslu hepatit ilə bağlı səbəblərdən, çox vaxt qara ciyər sirrozu və xərçəngindən vəfat edir.
DST Ümumdünya Hepatit əleyhinə Mübarizə Günü bütün dünya ölkələrinin hökumətlərinə müraciət edərək, onları viruslu hepatitə qarşı mübarizəni və onunla bağlı xəstəliklərin profilaktikasını gücləndirməyə çağırır. Hepatit B-yə qarşı vaksinasiyanın çevrəsini genişləndirmək və həmin vaksini milli immunlaşdırma proqramlarına daxil etmək tövsiyə olunur.
Ümumdünya Hepatit əleyhinə Mübarizə Gününün tarixi hepatit B virusunu kəşf etmiş Nobel mükafatı laureatı, professor Baruh Samuel Blamberqin doğum günü şərəfinə iyulun 28-i seçilmişdir.