Dünya şöhrətli elm xadimləri Azərbaycan Dövlət İqtisad Universitetində olmuşlar
Bakı, 30 oktyabr (AZƏRTAC). III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Çikaqo Universitetinin professoru Robert Emerson Lukas, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin rektoru, professor Viktor Qrişin, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəxri üzvü Anatoli Raxanskiy və Berklidə Lourens adına Milli Laboratoriyanın elmi işçisi, (ABŞ) professor Məsud Nikraveş oktyabrın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşlar.
AZƏRTAC xəbər verir ki, universitetin professor-müəllim heyəti və tələbələrlə keçirilən görüşdə ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev sürətlə və davamlı inkişaf edən Azərbaycanın son illər dünyanın fikir mərkəzlərinə çevrildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkəmizdə mütəmadi təşkil olunan forum və konfranslarda iştirak edən dünyanın məşhur elm adamları ADİU-da olur, universitetin kollektivi ilə görüşürlər.
Ölkəmizin iqtisadi uğurlarından danışan rektor diqqətə çatdırmışdır ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Hazırda ölkəmiz Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 1990-cı ildə 45-46 faiz təşkil edirdi. İnanıram ki, Azərbaycan iqtisadiyyatı bundan sonra da inkişaf edəcək, dünyada nüfuzu getdikcə artacaqdır.
Görüşdə universitet barədə məlumat verilmiş, əldə olunan uğurlardan söhbət açılmış, qarşılıqlı maraq doğuran məsələlərə toxunulmuşdur.
Sonra Nobel mükafatçısı Robert Emerson Lukasa ADİU-nun fəxri doktoru adı və xatirə medalı, AŞPA-nın fəxri üzvü Anatoli Raxanskiyə isə xatirə medalı təqdim olunmuşdur.
Tədbirdə, həmçinin ADİU və Plexanov adına Rusiya İqtisadiyyat Universiteti arasında əməkdaşlığa dair saziş imzalanmışdır.