Dünyada orta hesabla hər beş uşaqdan birinə həyati əhəmiyyətli peyvəndlər edilməyib
Bakı, 19 avqust, AZƏRTAC
Dünyada orta hesabla hər beş uşaqdan birinə həyati əhəmiyyətli peyvəndlər edilməyib. Hər il dünyada 1,5 milyon uşaq mövcud vaksinlərin köməyi ilə qarşısı alınması mümkün olan xəstəliklərdən ölür. İmmunlaşdırma iki milyondan üç milyona qədər ölüm halının qarşısını almağa və uşaqları difteriya, tetanus, poliomielit və qızılca kimi təhlükəli xəstəliklərdən qorumağa imkan verir.
Vaksinlərin guya təhlükəli olması barədə yayılmış aldadıcı təsəvvür onların səmərəli olmasına şübhə yaradır. AZƏRTAC BMT-nin xəbər mərkəzinə istinadla bildirir ki, Dünya Səhiyyə Təşkilatı (DST) belə yanlış təsəvvürlərdən əl çəkməyə çağırır. Ekspertlər vurğulayıblar ki, özlərini və uşaqlarını immunlaşdırmaqdan imtina edən insanlar bütün səhiyyə sisteminin səylərini puç edirlər.
DST-nin nümayəndəsi Filipp Düklo deyib: “Vaksinlər sağlamlığı yalnız möhkəmləndirir və ölüm hallarının qarşısını alır. İmmunlaşdırma proqramları çərçivəsində əhalinin həyati əhəmiyyətli vaksinləşdirmə ilə ən yüksək səviyyədə əhatə edilməsinə nail olmaq və bu tədbiri dəstəkləmək lazımdır”.