Dünyanın aparıcı KİV-i ABŞ-ı Culian Assanja qarşı ittihamları geri götürməyə çağırıb
Bakı, 29 noyabr, AZƏRTAC
ABŞ, Böyük Britaniya, İspaniya və Almaniyanın aparıcı media qurumları ABŞ hökumətini “WikiLeaks” portalının qurucusu Culian Assanja qarşı irəli sürülən məxfi hərbi və diplomatik məlumatların əldə edilməsi və yayılması ittihamlarını ləğv etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatlar hökumətinə açıq məktubu “The New York Times”, “The Guardian”, “Le Monde”, “Der Spiegel” və “El Pais” qəzetlərinin redaksiyaları imzalayıb. Onların fikrincə, Assanjın məhkum edilməsi söz azadlığına xələl gətirəcək və milli təhlükəsizlik məsələlərinin mediada işıqlandırılmasını çətinləşdirə biləcək “təhlükəli presedent yaradacaq”.
“İctimai rifah üçün həssas məlumatların əldə edilməsi və lazım gəldikdə dərc olunması jurnalistlərin gündəlik işinin bir hissəsidir. Əgər bu iş kriminallaşdırılarsa, ictimai diskursumuz və demokratiyamız xeyli zəifləyəcək”, - məktubda belə deyilir.
Xatırladaq ki, Culian Assanj bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını 2006-cı ildə təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.