Düzgün qidalanma xərçəngin profilaktikasında çox əhəmiyyətlidir
Bakı, 3 fevral (AZƏRTAC). Xərçəng xəstəliyi, onu törədən səbəblər və amillər dünya alimlərini və həkimlərini bu günümüzə qədər düşündürməkdədir. Artıq bəşəriyyət üçün bir bəlaya çevrilmiş bu xəstəliyin düzgün və tam müalicə formasının tapılmasında həkimlər hələ də acizdirlər.
Lakin bu xəstəliyin qarşısını almaq, sağlam həyat tərzi yaşamaq üçün bəzi profilaktik tədbirlərə əməl olunması hər bir insan üçün çox vacibdir. Almaniyalı həkimlər hesab edirlər ki, düzgün qidalanma xərçəngin profilaktikasında böyük əhəmiyyət kəsb edir.
Almaniyalı tədqiqatçı alim, Nobel mükafatı laureatı Harald zur Hausen öz araşdırmalarında qeyd edir ki, artıq çəki, piylənmə, xüsusilə riskli qida məhsullarının qəbulu xərçəngin inkişaf riskini artıran amillər sırasındadır.
Harald zur Hausenin fikrincə, həmişə olduğu kimi, bu gün siqaret çəkmək xərçəngi yaradan ən böyük risk faktoru hesab olunur. Lakin bununla yanaşı, pis, kortəbii qidalanma tərzi və piylənmə xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.
Almaniyada fəaliyyət göstərən Alman Xərçəng Araşdırma Mərkəzinin idarə heyətinin sədri Otmar Viestler hesab edir ki, həddindən artıq qida qəbulu, artıq çəki və maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan Qərb yaşam tərzi xərçəng hallarının sayını artıran amillərdəndir.
Mədə-bağırsaq nahiyəsinin xərçəngi zamanı səbəb və əlaqə nisbətən aydındır. Eyni zamanda, döş, prostat və mədəaltı vəzilərin xərçənginin yaranmasında da səbəb və əlaqə demək olar ki, eynidir. “Sağlam və düzgün qidalanma xərçəng riskini azaltmaqla yanaşı, piylənmənin də qarşısını almağa kömək edir. Öz sağlamlıqları barədə düşünən insanlar bilməlidirlər ki, meyvə və tərəvəzi çox-şəkərli və çox yağlı qida məhsullarını isə əksinə, az qəbul etmək lazımdır”, - deyə Viestler xatırladır.
Yemək vərdişlərinin şiş riskinə təsiri yolları heç də həmişə dolğun şəkildə, təfərrüatı ilə açıqlanmır. Az meyvə və tərəvəz qəbulu, həddindən artıq ət və duzdan istifadə bütün xərçəng hallarında doqquz faiz təşkil edir. İngilis alimləri isə hesab edirlər ki, bütün xərçəng şişlərini törədən amillər sırasında artıq çəki və piylənmə 5,5 faizə paya malikdirlər. Ekspertlər xərçəngin profilaktikasında mümkün qədər həftədə iki dəfə balıq yeməyi və yaxud da balıq yağından istifadə etməyi də tövsiyə edirlər.
Viroloq alim və Nobel mükafatı laureatı Harald zur Hausen isə öz növbəsində bağırsaq xərçəngini 20-30 faiz əmələ gətirən əsas amillərdən biri kimi qismən bişmiş qırmızı dana ətini göstərir. Onun fikrincə, bu halda xərçəngi törədən viruslar daha fəal olurlar.
Maraqlıdır ki, bağırsaq xərçəngi xeyli ölkələrdə çox və bir sıra ölkələrdə az rast gəlinir. “Bağırsaq xərçənginin nadir olduğu ölkələrə Avropa və Asiya cinsindən olan mal ətinin yeyilmədiyi ölkələr şamil edilir”, - deyə alim bildirir.
Harald zur Hausen “Qida tərzi və xərçəng” mövzusu ilə bağlı daha maraqlı amilə də diqqət verməyi xüsusi qeyd edir: “Xərçəngə gətirib çıxaran heç bir infeksiya bunu tək etməyə qadir deyil. İrsən ötürülmüş zədəli hüceyrələr də zərərli amillər kimi buna əlavə olunmalıdır”.