Əcnəbi qonaq: Bakının hava limanında insani ünsiyyətin olması təqdirəlayiqdir
Bakı, 13 may, AZƏRTAC
Biz müasir dövrdə şəhərləri “ağıllı” etməliyik. Bunun üçün icmalar yaranmalıdır. Çünki hər birimiz buna layiqik. Hər kəs üçün əlçatan şəhər dedikdə əhalinin bütün təbəqələrini nəzərə almalıyıq. Həmçinin problemin həllini tapmaq istəyiriksə, özəl və dövlət sektoru birgə işləməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Omanda yerləşən Muskat Kollecinin Himayəçilər Şurasının üzvü Layla Al Hadrami "Şəhərlər hamı üçün - Heç kim kənarda qalmasın" adlı tədbir çərçivəsində keçirilən "Davamlı və inklüziv cəmiyyətə doğru: Hüquqi və institusional mexanizmlər" adlı panel iclasda çıxış edərkən deyib.
O, şəhərlərin salınmasından əvvəl qadınların da fikirlərinin öyrənilməsinin vacibliyinə diqqət çəkib:"Qadınlar şəhərlərdə hansı imkanların yaradılmasını təklif etməklə öz yaşayışlarını təkmilləşdirə bilərlər”.
Layla Al Hadrami, həmçinin qeyd edib ki, Bakıda hava limanında olarkən işçi heyətin onları salamlaması da diqqətini çəkib. “Çünki növbəti nəsillər üçün insani və səmimi ünsiyyət lazımdır. Ona görə də Bakının hava limanında bu insani ünsiyyətin olması təqdirəlayiqdir", - deyə o diqqətə çatdırıb.
Müxbir - Günel Türksoy