Əcnəbi tələbələrin peyntbol birinciliyi başa çatıb
Naxçıvan, 17 noyabr, AZƏRTAC
Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində ali təhsil müəssisələrinin əcnəbi tələbələri arasında keçirilən peyntbol üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Atıcılıq Mərkəzində keçirilən yarışa 6-sı Naxçıvan Dövlət Universitetindən (NDU), 2-si “Naxçıvan” Universitetindən (NU) olmaqla, ümumilikdə, 8 komanda qatılıb.
Pley-off əsasında keçirilən yarışda NDU-nun “Şahin” komandası birinci olub. NU-nu təmsil edən “Naxçıvan-2” və “Naxçıvan-1” komandaları isə ikinci, üçüncü sıralarda qərarlaşıblar. Komandalar bu gün keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar.
Qeyd edək ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan birincilik atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib.