ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov mayın 29-da Azərbaycanda fəaliyyət müddəti başa çatan Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Denis Bribosia ilə görüşmüşdür.
Ölkəmizdə qanunun aliliyinin və demokratik təsisatların möhkəmləndirilməsi, insan hüquqlarının təşviqi üzrə Avropa Şurası ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ədliyyə sahəsində mühüm layihələrin həyata keçirilməsində, penitensiar sistemin və yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi ilə bağlı birgə tədbirlərin gerçəkləşməsində cənab Bribosianın xidmətlərini qeyd etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Respublikamızda uğurla aparılan demokratik islahatlar nəticəsində qazanılmış nailiyyətlərin bilavasitə şahidi olduğunu deyən D.Bribosia, Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə etmiş, Ədliyyə Nazirliyi ilə qarşılıqlı tərəfdaşlığı və işçilərin peşəkarlığını yüksək qiymətləndirmişdir. O, Azərbaycandan ən xoş təəssüratla ayrıldığını bildirərək, Avropa Şurası baş katibinin Azərbaycanda yeni təyin olunmuş xüsusi nümayəndəsi xanım Veronika Koteki təqdim etmişdir.
Görüşdə, həmçinin ölkəmizin Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülən kompleks tədbirlər, Azərbaycan-Avropa Şurası birgə işçi qruplarının uğurlu fəaliyyəti, hakimlərin müstəqilliyinin gücləndirilməsi, onların ən şəffaf, mütərəqqi üsullarla seçimi, mükəmməl tədrisi və bu sahədə Məhkəmə-Hüquq Şurasının rolu qeyd edilmiş, habelə yeni, müasir cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanasının inşası, penitensiar sahədə ictimai nəzarətin gücləndirilməsi yüksək dəyərləndirilmiş, qarşılıqlı fəaliyyətin bundan sonra da genişləndirilməsi vurğulanmışdır.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.