REGİONLAR
Ədliyyə orqanları qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır
Ağdam, 22 noyabr, AZƏRTAC
Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir. Ədliyyə sahəsində aparılan islahatların və tətbiq edilən yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Ağdamda keçirilən tədbirdə səslənib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, ümummilli lider Heydər Əliyevin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısından, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarından, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sisteminin inkişaf etməsindən, onun normativ bazasının daha da təkmilləşdirilməsindən bəhs edib.
Bildirib ki, Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Ağdam Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyev ədliyyə sisteminin təkmilləşdirilməsi sahəsində islahatların aparılması, insan hüquqlarının etibarlı təminatı və ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonda bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.