Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib
Bakı, 26 may, AZƏRTAC
Ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşdırılması barədə dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq, yeni nəsil ədliyyə işçilərinin qulluğa qəbulu məqsədilə zəruri tədbirlər görülür, davamlı açıq müsabiqələr keçirilir. Aparılmış seçimlər əsasında son illər böyük əksəriyyəti gənclər olan 2500-dən çox hazırlıqlı mütəxəssis qulluğa qəbul edilib və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı mayın 26-da keçirilib.
Dövlət İmtahan Mərkəzi ilə birlikdə Bakı İdman Sarayında şəffaf şəraitdə keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyiblər. Həmçinin tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə onlayn rejimdə birbaşa yayımlanıb.
“Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.
Ümumilikdə 441 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 226 nəfər müvəffəqiyyət qazanıb (siyahı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib).
Test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.
Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə almaq olar.