ƏHALİNİN TƏBİİ QAZ, ELEKTRİK ENERJİSİ VƏ İÇMƏLİ SU İLƏ TƏMİNATI YAXŞILAŞDIRILIR
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayon əhalisinin kommunal xidmətlərlə, o cümlədən təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl davam etdirilir.
2008-ci ilin birinci yarısında rayonda 308 ailəyə təbii qaz xətti çəkilməklə, ümumi abonentlərin sayı 2.576 nəfərə çatdırılmışdır. Rayon üzrə sayğacquraşdırma işi 100 faiz yerinə yetirilmişdir.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 5 ədəd güc transformatoru təmir edilmiş, 400 kilovatlıq bir ədəd yeni transformator quraşdırılmışdır. Rayonun müxtəlif yaşayış məntəqələrində 139 ədəd elektrik dayağı yenisi ilə əvəz edilmiş, 37,8 kilometr uzunluğunda hava xəttində əsaslı və cari təmir işləri görülmüşdür. Rayon ərazisində 0,4 kilovoltluq şəbəkənin “SİP” kabeli ilə çəkilməsi işi də davam etdirilir. İlin birinci yarısında 28,7 kilometr məsafədə kabelləşmə işi aparılmış, onun 21,3 kilometrlik hissəsi şəbəkəyə qoşulmuşdur. Ümumiyyətlə, indiyədək kabelləşməsi nəzərdə tutulan 110 kilometr uzunluğunda 0,4 kilovoltluq şəbəkənin 40,1 kilometrlik hissəsinə artıq “SİP” kabeli çəkilmişdir.
Əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə bu ilin birinci yarısında kəndlərdə 7 ədəd artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Bundan əlavə, içməli suyun keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Siltikçay və Qaraçay su mənbələri, su anbarları təmizlənmiş, anbarlardan şəhərə gələn su xətlərində təmir işləri aparılmışdır.