Əhməd Məsud: Danışıqlar səmərəli aparılsa bütün Əfqanıstanda sülh bərpa olunacaq
Tehran, 22 avqust, AZƏRTAC
Əfqanıstanda sülhün və əmin-amanlığın yaranması üçün atamın qanının tökülməsini də bağışlaya bilərəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud deyib. “Şarkul Avsat” televiziya kanalına verdiyi müsahibəsində Ə.Məsud bildirib ki, “Taliban”la danışıqlara hazırdır. Onun sözlərinə görə bir neçə dəfə nümayəndələri vasitəsilə “Taliban” ilə görüş keçirib. Lakin vahid mövqedən çıxış etmək məsələsinin müzakirəsi nəticəsiz qalıb.
“Biz də müsəlmanıq, biz də Əfqanıstanda sülh olmasını istəyirik və bu səbəbdən “Taliban”la birlikdə çalışmağa hazırıq. Lakin “Taliban” məsələləri silah gücünə həll etməyə çalışır ki, bu da qarşılıqlı əməkdaşlığa imkan vermir”, - deyən Ə.Məsud atasının da vaxtı ilə “Taliban”la nəticəsiz danışıqlar apardığını xatırladıb. O, nəzərə çatdırıb ki, danışıqlar səmərəli aparılsa və nəticə əldə olunsa, onda bütün Əfqanıstanda sülh bərpa olunacaq.
Qeyd edək ki, Əfqanıstanda Sovet İttifaqının (SSRİ) işğalına qarşı uzun illər mübarizə aparan səhra komandiri Əhməd Şah Məsud Əfqanıstan İslam Cəmiyyəti Partiyasının silahlı qanadına rəhbərlik edirdi. Ə.Ş.Məsud 1979-1989-cu illər ərzində SSRİ Müdafiə Nazirliyinin onun dəstəsini məhv etmək üçün hazırladığı 9 hərbi əməliyyatın həyata keçməsinə imkan vermədi. Pəncşər vilayətində tacik əsilli ailədə doğulan Ə.Ş.Məsud bu gün də Əfqanıstanda “Pəncşər aslanı” kimi xatırlanır. Ə.Ş.Məsud 2001-ci ildə Tahar vilayətində sui-qəsd nəticəsində 48 yaşında qətlə yetirilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran