Ekspert: Gürcüstanda yaşayan azərbaycanlılar hərbi xidmətdən yayınmırlar
Tbilisi, 7 fevral, AZƏRTAC
Gürcüstanda həqiqi hərbi xidmətə çağırış başlayıb. AZƏRTAC xəbər verir ki, yaşı 18-dən 27-dək olan, xüsusi imtiyazı, əlilliyi, xüsusi qabiliyyəti olmayan hər bir ölkə vətəndaşı hərbi xidmətə çağırılır. Hərbi xidmətə milli azlıqların nümayəndələri də cəlb olunurlar. Onlar dövlət dilini (gürcü dili) bildikləri halda təkcə Müdafiə Nazirliyinin bölmələrində deyil, digər aidiyyəti dövlət qurumlarında da xidmət keçə bilərlər.
Gürcüstanda çağırışçılar Müdafiə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyinin hərbiləşdirilmiş bölmələrində, Dövlət Təhlükəsizlik Xidmətinin bölmələrində, penitensar xidmətdə və Dövlət Xüsusi Mühafizə Xidmətində qulluq edə bilərlər.
Ekspert Təmkin Nağıyev AZƏRTAC-a müsahibəsində qeyd edib ki, gürcü dilini bilməyən milli azlıq nümayəndələri Müdafiə Nazirliyinin proqramına əsasən xüsusi dil kurslarına cəlb olunurlar. Kursu uğurla bitirən çağırışçılara sertifikatlar da verilir.
Onun sözlərinə görə, azərbaycanlılar hərbi xidmətdən heç vaxt yayınmır və xidmətə könüllü gedirlər. Lakin bu gənclərin dövlət dilini bilməmələri onların digər strukturlarda xidmət keçmələrinə maneə olur.
“Son iki ildə azərbaycanlı gənclərin dövlət dilinə marağı əvvəlki illərlə müqayisədə xeyli artıb. Bu da onların bütün sahələrdə uğur qazanmaları üçün zəmin yaradır”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, builki çağırışda 4200 nəfərin həqiqi hərbi xidmətə çağırışı nəzərdə tutulub. Onlardan 1400 nəfəri Müdafiə Nazirliyinin tabeliyində, 1400 nəfəri penitensiar xidmətdə, 950 nəfəri Daxili İşlər Nazirliyinin hərbiləşdirilmiş bölmələrində, 311 nəfəri Dövlət Təhlükəsizlik Xidmətinin, 200 nəfəri isə Xüsusi Dövlət Mühafizə Xidmətinin bölmələrində qulluq edəcək.
Hərbi xidmətə çağırış fevralın 3-dən başlanıb və iyunun 30-dək davam edəcək. 2019-cu ilin avqust ayından dekabrın 28-dək davam edən çağırış zamanı 4100 nəfər həqiqi hərbi xidmətə çağırılmışdı. Onlardan da 1500-ü Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətə cəlb olunub.
Gürcüstanda hərbi xidmət 12 aydır. Ailənin tək oğlu, ailə üzvlərindən biri Gürcüstanın ərazi bütövlüyü uğurunda həlak olan şəxslər, tələbələr, iki və daha çox övladı olanlar, müəllim və kənd həkimləri, din xadimləri həqiqi hərbi xidmətə çağırılmırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi