Ekspertlər: BRICS-in Kazan sammiti çoxqütblü dünyanın yeni mərhələsinin başlanğıcı olacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Ekspertlər hesab edirlər ki, oktyabrın 22-də Rusiyanın Kazan şəhərində işə başlayan BRICS sammiti çoxqütblü dünyanın yeni mərhələsinin başlanğıcı olacaq.
AZƏRTAC “Tatar-info” elektron nəsrinə istinadla xəbər verir ki, 2023-cü ilin sonunda alıcılıq qabiliyyəti paritetində BRICS-in qlobal ÜDM-dəki payı rekord həddə - 35,7 faizə çatıb. Lakin Dünya Bankının məlumatlarına görə, G7 ölkələrində bu göstərici üzrə 29 faiz azalma qeydə alınıb.
Hazırda on ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-ni birləşdirən BRICS-in Kazan sammitinin dünya geosiyasətinin mərkəzi hadisəsinə çevriləcəyi gözlənilir. Belə ki, 30-a yaxın ölkə bu təşkilata üzv olmaq və ya tərəfdaş dövlət statusu almaq istəyini bəyan edib. Bunlara Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudan daxildir.
Rusiya Prezidenti Vladimir Putin hələ 2024-cü ilin yanvarında BRICS-ə artan marağın səbəblərindən danışıb. Onun sözlərinə görə, namizədləri assosiasiyanın fəaliyyətinin əsasını təşkil edən prinsiplər cəlb edir. “Bu, suveren bərabərlik, öz inkişaf yolunun seçiminə hörmət, maraqların qarşılıqlı nəzərə alınması, açıqlıq, konsensus, çoxqütblü dünya nizamını və qlobal maliyyə, ticarət sisteminin ədalətli modelini formalaşdırmaq istəyi, zəmanəmizin ən aktual problemlərinə kollektiv həll yollarının axtarışıdır”, - deyə Rusiya lideri vurğulayıb.
Ekspertlər hesab edirlər ki, BRICS sırf iqtisadi blok kimi yaradılıb. Bununla belə, son illərin geosiyasi reallıqları öz düzəlişlərini edib. Təsisçilər, ilk növbədə, Rusiya və Çin birləşmə gündəliyinə getdikcə daha çox siyasi və ideoloji məqamlar daxil edirlər. Potensial üzvlər üçün yeni tələblər tətbiq edilir. Məhz ölkələrin siyasi suverenliyi, qeyri-qanuni sanksiyaların rədd edilməsi bu məsələdə həlledici amil olub.
Rusiyalı politoloq Sergey Markov bununla bağlı bildirib: “G7 vahid siyasət hazırlayan güclü siyasi təşkilatdır. BRICS isə bir-biri ilə qarşılıqlı əlaqədə olan, istənilən şəraitdə bir-birinə kömək edən dövlətlər klubudur. Buna görə də üzv ölkələr hər hansı sanksiyalar tətbiq etməmək üçün qeyri-rəsmi öhdəliklər götürürlər. Burada münasibətlər anti-Qərb xarakteri daşıyır, çünki məhz Qərb bütün digər dövlətlərin suverenliyini məhdudlaşdırmağa çalışır. Ona görə də onların hər biri Qərbə müqavimət göstərir. BRICS-in məramı da məhz bundan ibarətdir”.
Sammitdə NATO-nun üzvü olan Türkiyənin iştirakı böyük maraq doğurub. Politoloqlar qeyd edirlər ki, Ankaranın BRICS-ə qoşulmaqda maraqlı olmasının əsas səbəbi Türkiyənin iqtisadi əlaqələrin şaxələndirilməsi səyləridir. Bununla yanaşı, Prezident Rəcəb Tayyib Ərdoğan bu blokun gələcəyinə inanır. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə lideri özünün bütün qərarlarında milli maraqları ön plana çıxarır. Eyni zamanda, Ankara çox gözəl bilir ki, təkqütblü dünya nizamı başa çatır və bu kontekstdə yola düşən qatarın sonuncu vaqonunda deyil, birincidə olmaq daha sərfəlidir.
BRICS artıq insan, büdcə, maliyyə və iqtisadi potensial baxımından bütün mövcud birlikləri əhəmiyyətli dərəcədə üstələyir. Politoloqlar Kazan sammitinin çoxqütblü dünya nizamının, suverenliyi üstün tutan dövlətlərin əməkdaşlığının yeni mərhələsinin başlanğıcı hesab edirlər.