İDMAN
Ekvadorlu futbolçu: Bütün diqqətimi “Sumqayıt”la avrokuboklara vəsiqə qazanmağa yönəltmişəm
Bakı, 22 aprel, AZƏRTAC
“Samir Abasov mənim üçün əla məşqçidir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt”ın ekvadorlu yarımmüdafiəçisi Jordan Rezabala deyib.
O, turnir cədvəlinin yuxarı pillələrində olan komandalar arasında xal fərqinin az olmasını özləri üçün bir fürsət olaraq dəyərləndirib: “Bundan istifadə edib yerimizi qorumalıyıq. Şans var, lakin hər şey bizdən asılıdır. Sonadək mübarizə aparmalıyıq. “Sumqayıt” yüksəl pillələr uğrunda mübarizə aparan komandadır. Bu şəhərə daim qələbə sevinci yaşatmaq istəyirik. Son turda “Turan Tovuz” səfərində qazanılan üç xal avrokuboklara vəsiqə qazanmaq baxımından çox önəm idi”.
“Turan Tovuz”la matçda Premyer Liqadakı ilk qoluna imza atan futbolçu xoşbəxt olduğunu bildirib: “Qol vurmaq emosional və zehni cəhətdən çox kömək edir. Ancaq önəmli olan komandanın hər oyunda müsbət nəticə əldə etməsidir. Bütün diqqətimi “Sumqayıt”la avrokuboklara vəsiqə qazanmağa yönəltmişəm”.
Onun sözlərinə görə, baş məşqçi Samir Abasovun xarakteri futbol mentalitetinə uyğundur: “Hər zaman ondan nəsə öyrənməyə çalışıram. O, mənim üçün əla məşqçidir. Onun haqqında çox yaxşı fikirlər deyə bilərəm. İnanıram ki, Samir Abasovun rəhbərliyi altında yaxşı nəticələr əldə edəcəyik”.
23 yaşlı yarımmüdafiəçi növbəti turda qarşılaşacaqları “Qarabağ”la oyun barədə də fikirlərini bölüşüb: “Hər kəs Azərbaycanda “Qarabağ”ın uğurlarından danışır. Rəqib güclü komandadır. Lakin biz də bu matçda yaxşı köklənməli və özümüzə inanmalıyıq”.
Qeyd edək ki, “Sumqayıt” hazırda turnir cədvəlində 47 xalla üçüncü pillədə qərarlaşıb.