Əlahiddə Ümumqoşun Orduda növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi olub
Naxçıvan, 2 aprel, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda növbəti gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması münasibətilə buraxılış mərasimi olub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimə hazırlıqla bağlı məruzə edilib, döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər kursları bitirən məzunlara gələcək fəaliyyətlərində uğur arzulayıblar. Məzunlar ən çətin döyüş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz veriblər.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Təbrik oxunduqdan sonra müvafiq kurslar üzrə yüksək nəticə göstərərək I, II və III yerləri tutan məzunlara sertifikat və qiymətli hədiyyələr, bütün məzunlara isə sertifikatlar təqdim olunub. Kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vurulub.
Sonra yeni xidmət yerlərinə yollanacaq məzunların tribuna önündən təntənəli keçidi olub.