ELÇİN ZEYNALOV: “MİNGƏÇEVİRDƏKİ YENİ OLİMPİYA KOMPLEKSİ AZƏRBAYCANDA AVARÇƏKMƏ İDMANININ İNKİŞAFINA TƏKAN VERİR”
Bakı, 28 dekabr (AZƏRTAC). Azərbaycan idmançılarının beynəlxalq aləmdə qazandıqları nailiyyətlər həmişə ölkə əhalisində qürur hissi doğurur. Başa çatmaqda olan cari ildə atletlərimizin müxtəlif Avropa və dünya birinciliklərində parlaq qələbələrinin şahidi olmuşuq. 2009-cu ildə Azərbaycan bayrağı avarçəkmə yarışlarının keçirildiyi kanallar üzərində də dalğalanmışdır - ölkəmizin avarçəkmə üzrə yığma komandası ilk dəfə olaraq Avropa və dünya çempionatlarında qızıl medallar qazanmışlar.
Bu idman növündə belə yüksək nəticələr necə əldə olunmuşdur və Avarçəkmə Federasiyası ölkəmizdə avarçəkmənin populyarlaşdırılması üçün hansı tədbirlərin görülməsini planlaşdırır? AZƏRTAC-ın müxbirinin bu və digər suallarına Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov cavab verir.
-Elçin müəllim, bu yaxınlarda sizin başçılıq etdiyiniz federasiya eyni vaxtda iki əlamətdar hadisəni - “Mingəçevir reqatası”nın 50 illiyini və Federasiyanın yaradılmasının üçüncü ildönümünü qeyd etmişdir. Həmin əlamətdar hadisələr kontekstində hansı ilkin nəticələri göstərmək olar?
-Azərbaycanda avarçəkmə idmanı ilə ötən əsrin 30-cu illərinin axırlarından məşğul olunmağa başlanmışdır. Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini birbaşa dənizkənarı bulvardan müşahidə etmək mümkün idi. 1959-cu ildə akademik avarçəkənlərimiz ilk dəfə keçmiş SSRİ xalqlarının II Spartakiadasında iştirak etmişlər. Bu, Azərbaycan avarçəkənlərinin ümumittifaq yarışlarında ilk çıxışı idi və elə həmin il Mingəçevir şəhərində müxtəlif respublikaların idmançılarının iştirakı ilə avarçəkmə yarışları keçirilmişdir. Bu yarış sonradan ənənəvi hal almışdır. Bu yarışın yubileyinə həsr olunmuş tədbirin qonaqları arasında həmin tarixi Spartakiadanın iştirakçısı, akademik avarçəkmə üzrə 11 dəfə Azərbaycan çempionu, veteran idmançı Vladislav Şvetsov, Helsinkidə keçirilmiş Olimpiya Oyunlarının gümüş mükafatçısı, SSRİ idman ustası Yevgeni Samsonov, Rusiya Dövlət İdman Komitəsinin keçmiş sədri, məşqçi Nikolay Rusak da var idi. Onlar qeyd etdilər ki, yubiley reqatası ən yüksək səviyyədə təşkil edilmişdir və Azərbaycan avarçəkənlərinin çox qısa müddətdə əldə etdikləri nailiyyətlər onları sevindirir.
Fəxri qonaqların ölkəmizə gəlmələri bir də onunla əlamətdar idi ki, onlar 50 il bundan əvvəl Mingəçevirdə avarçəkmə bazasının yaradılmasının bilavasitə iştirakçıları olmuşlar. Qonaqlar həmin illəri xatırlayaraq, indi aparılan tikinti işlərinin miqyasını məmnunluqla qeyd edirdilər. Onlar idmançılarımızın hazırlıq səviyyəsini, məşqçilərin təcrübəli olmasını, maddi-texniki bazanı yüksək qiymətləndirdilər. Fəxrlə demək lazımdır ki, həmin yubiley federasiyamızın fəaliyyətinə bir növ yekun vurulması ilə də əlamətdar oldu. Rusiya mütəxəssisləri xüsusi vurğuladılar ki, Mingəçevirdə yeni, çox nadir bazanın inşa olunmasına dair uzaqgörənliklə qəti qərar qəbul edən Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dəstəyi olmadan milli avarçəkmə idmanında bu gün şahidi olduğumuz nailiyyətləri qazanmaq mümkün olmazdı. Gənclər və İdman Nazirliyi də avarçəkmə idmanına böyük diqqət və qayğı göstərir. Biz federasiyamızın fəaliyyətini Milli Olimpiya Komitəsi (MOK) rəhbərinin qarşımıza qoyduğu vəzifələrə uyğun surətdə qururuq.
Azərbaycan Avarçəkmə Federasiyası cari məsələlərlə məşğul olmaqla yanaşı, bu idman növünün inkişaf strategiyasını hazırlayan həmfikirlər komandasıdır. Bu istiqamətdə az iş görülməmişdir. Lakin, hələ qarşıda görüləsi işlər çoxdur. Ölkəmizdə avarçəkmə üzrə mütəxəssislərin hazırlanmasına dair ixtisaslaşdırılmış məktəb, Bədən Tərbiyəsi və İdman Akademiyasında fakültə və kafedra hələlik yoxdur.
Klubların fəaliyyətini nizamlaya bilən, onlara başçılıq edən ixtisaslı məşqçilərin, idman menecerlərinin çatışmaması aydın hiss olunur. Məhz mövsümi idman növləri, xüsusən avarçəkmə üzrə ixtisaslaşmış idman həkimlərinə böyük tələbat vardır.
Lakin bütün bunlara baxmayaraq, başa çatmaqda olan 2009-cu il medallar baxımınından məhsuldar olmuşdur. Böyüklərdən ibarət kanoyeçilərimiz Avropa çempionatında qızıl və bürünc medallar qazanmışlar. Valentin Demyanenko dünya çempionu olmuş, Sergey Bezuqluq-Maksim Prokopenko cütlüyü isə gümüş və bürünc medallara layiq görülmüşlər.
-Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançılarımızın bu il beynəlxalq yarışlardakı çıxışlarına qiymət verərkən, sizin federasiyanın fəaliyyətini də xüsusi qeyd etmişdir. Federasiya bu nailiyyətlərin artırılması üçün daha hansı tədbirlərin görülməsini planlaşdırır?
-Yuxarıda qeyd etdiyim nailiyyətlərin əldə olunması dövlətimizin başçısının böyük qayğısı sayəsində mümkün olmuşdur. Məhz Prezident İlham Əliyevin yeni bazanın tikilməsi barədə müdrik qərarı Azərbaycanda avarçəkmənin inkişafına təkan vermişdir.
Bəs gələcəkdə bizi nə gözləyir? Gələcəkdə bizi yeni yarışlar və mən əminəm ki, yeni qələbələr gözləyir. Cari il kanoyedə avarçəkənimiz Andrey Kraytor Sinqapurda keçiriləcək yeniyetmələr arasında I Olimpiya Oyunlarına lisenziya əldə etmişdir. Təəssüf ki, o, həmin mötəbər yarışlarda iştirak edə bilməyəcəkdir, çünki bu yaxınlarda A.Kraytorun 18 yaşı tamam olacaqdır və o, böyüklərin yaş dərəcəsinə keçəcəkdir. Lakin avarçəkmə idmanı azarkeşlərini sevindirmək istəyirəm - Kraytoru yaxşı əvəz edəcək idmançımız vardır.
-“Kür” Olimpiya Mərkəzində keçirilmiş açıq Bakı çempionatında gənclərin avarçəkmə idmanına böyük maraq göstərməsinin şahidi olduq. Siz avarçəkmə bölməsinə yazılmaq istəyənlərin axını ilə bağlı müəyyən çətinliklərin olduğunu etiraf etdiniz. Gənclərimiz arasında ölkəmizdə bu qeyri-adi idman növünə marağın artmasına necə nail olmusunuz? Əsas çətinliklər nə ilə bağlıdır?
-Bu, bizim ən ağrılı mövzumuzdur. Avarçəkmə idmanı su hövzələrinin olmasını tələb edir. Bu idman növünə maraq göstərən, avarçəkmə ilə məşğul olmaq istəyənlərin sayı çoxdur. Lakin təəssüflər olsun ki, onlara hələlik heç nə təklif edə bilmirik. Əhalisinin sayı 3 milyona çatan Bakıda avarçəkmə idmanı ilə məşğul olmaq üçün baza yoxdur, dənizdə isə müntəzəm məşq etmək mümkün deyildir. Kiçik göllərdə qasırğalar olmur, buna görə də dünya çempionatlarında qələbə qazanan avarçəkənlərimiz, gümüş və bürünc medallar qazanan idmançılarımız həmin mötəbər yarışa Qəbələdə hazırlaşmışlar. Daşkəsən, Şirvan şəhərləri yaxınlığında münasib göllər vardır və həmin ərazilərdə avarçəkmə bölmələri təşkil etmək mümkündür.
Bakı 2016-cı il Olimpiadasının keçirilməsinə namizədlərdən biri idi. Əldə olunan məlumatlara görə, ölkəmizin paytaxtı 2020-ci il Olimpiadasının keçirilməsinə dair müsabiqədə də iştirak edəcəkdir. Lakin kifayət qədər su hözvəzi, avarçəkmə kanalı olmayan şəhərin olimpiya paytaxtı tituluna iddia etməsi yəqin ki, çox çətindir. Mənə elə gəlir ki, tezliklə Bakıda avarçəkmə idmanı ilə məşğul olanlar üçün süni kanalın tikintisi vacibliyi barədə məsələ qaldırılacaqdır.
-Gələn ilin yayında yeni “Kür” Olimpiya Avarçəkmə Kompleksinin tikintisi başa çatmalıdır. Aldığımız məlumata görə, kompleks dünyanın ən məşhur avarçəkmə bazaları səviyyəsində olacaqdır. Həmin kompleksdə idmançılarımız üçün hansı şərait yaradılacaqdır?
-Bazanın tikintisi zamanı çoxlu qonağımız olmuşdur. Onların hamısı belə yekdil rəy vermişlər ki, bu kompleks tamamilə nadir qurğu olacaqdır. Yeni kompleksi sadəcə avarçəkmə bazası adlandırmaq düzgün deyildir, çünki orada idmanın bütün növləri üzrə məşqlərin keçirilməsi mümkün olacaqdır.
İdmançılar və qonaqlara yaşamaları üçün dördulduzlu hotellər səviyyəsində gözəl şərait yaradılacaqdır. Ümidvaram ki, həmin baza yaradıldıqdan sonra bir çox cari məsələlər, o cümlədən idmançılarımıza tibbi xidmət məsələsi öz həllini tapacaqdır.
-Hər bir peşəkar idmançının, həmçinin idman funksionerlərinin başlıca məqsədi Olimpiya Oyunlarında qələbə qazanmaqdır. Əgər nəzərə alsaq ki, artıq dünya çempionatının qızıl medalını əldə etmişik, Londonda keçiriləcək Olimpiya Oyunları ilə bağlı federasiya nəyi planlaşdırır?
-Olimpiya Oyunlarında medallar qazanmasına dair proqnozlar verməyin qəti əleyhinəyəm. Fikrimcə, idmanda proqnozlar vermək qeyri-peşəkarlığın əlamətidir.
İdmançı məşqlər gedişində zədələnə bilər. Hər Olimpiadada idman həvəskarları Avropa və dünya çempionatlarında yaxşı çıxış etmiş idmançıların Olimpiya Oyunlarında heç də yaxşı nəticə göstərməməsinin şahidi olurlar.
Şübhəsiz, bu gün Avarçəkmə Federasiyası Olimpiya Oyunlarında iştirakı və maksimum dərəcədə yaxşı nəticələr əldə etməyi özünün başlıca vəzifəsi hesab edir. Bunun üçün potensialımız və lazımi şəraitimiz vardır.
-Federasiyamızın adında “milli” sözü vardır. Avarçəkmə əsl milli idman növünə çevrilə bilərmi?
-Avarçəkmə Federasiyasının prezidenti kimi bunu çox istərdim. Lakin məsələyə real yanaşsaq, avarçəkmənin yaxın vaxtlarda güləş kimi milli idman növünə çevriləcəyini demək çətindir. Xalqımızın milli idman növü - güləşin tarixi bir neçə yüzilliyi əhatə edir və şübhəsiz ki, avarçəkmənin geniş inkişafı üçün hələ illər lazımdır. Qobustan qayalıqlarında təsvir olunmuş qayıqlar Azərbaycan avarçəkmə idmanının tarixi köklərindən xəbər versə də, hesab edirəm ki, futbol, güləş kimi kütləvi idman növləri ilə müqayisədə avarçəkmə arzu olunan səviyyəyə tezliklə çata bilməyəcəkdir. Bu, təkcə Azərbaycan üçün xarakterik hal deyildir. Təsəvvür edin, on minlərlə gölü olan, hər şəhərdə bir neçə klubun fəaliyyət göstərdiyi Kanadada avarçəkmə heç də milli idman növü sayılmır.
Avarçəkmə çox baha başa gələn, mürəkkəb və mövsümi xarakterə malik idman növüdür. Bu idman növü hamı üçün deyildir. Lakin buna baxmayaraq, inanıram ki, güləş kimi avarçəkmə də Azərbaycanı dünya miqyasında şöhrətləndirəcəkdir. Biz bunun üçün mümkün və qeyri-mümkün hər şeyi edəcəyik.