Eldar Əfəndiyev: Azərbaycana maraq xeyli artmışdır
Tallinn, 22 oktyabr (AZƏRTAC). Estoniya parlamentinin deputatı Eldar Əfəndiyev AZƏRTAC-ın müxbirinə müsahibə vermişdir.
E.Əfəndiyev 1999-2000-ci illərdə Narva şəhərinin meri vəzifəsində işləmiş, 2002-2003-cü illərdə əhali işləri naziri olmuş, habelə Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, Narva Humanitar Gimnaziyasının Qəyyumluq Şurasının, Pro Narva Mərkəzi İdarəsi Şurasının, “Aleksandr kilsəsi”nin Şura üzvüdür. E.Əfəndiyev Estoniyanın IV dərəcəli “Dövlət Gerbi”, III dərəcəli “Xaç”, “Birlik” ordenləri ilə təltif edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə E.Əfəndiyevi “Dostluq” ordeni ilə təltif etmişdir.
-Siz Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan dostluq qrupunun sədrisiniz. Hazırda Azərbaycan və Estoniya parlamentləri arasında münasibətlər barədə nə deyə bilərsiniz?
-Ənənəvi münasibətlər qurulmuşdur. 7 il əvvəl Estoniya parlamentində Estoniya-Azərbaycan dostluq qrupu yaradılmışdır. Milli Məclisdə müvafiq qrup daha əvvəl fəaliyyət göstərirdi. Yəni bizim çoxillik əlaqələrimiz vardır.
Komitələr arasında da münasibətlər yaranmışdır. Əlbəttə, bu münasibətlər bir o qədər də qabarıq deyildir, çünki Estoniyada və Azərbaycanda parlamentlərin rolu fərqlənir.
Ötən ilin yazında Estoniya-Azərbaycan dostluq qrupu Azərbaycanla dostluq edən parlament qruplarını Avropa ölkələri parlamentlərinin Azərbaycanla dostluq qruplarını Əlaqələndirmə Şurasında birləşdirmək təşəbbüsü ilə çıxış etmişdir. Məqsəd Azərbaycanın Avropa Şurasındakı tərəfdaşları tərəfindən Azərbaycana dair məsələlərin daha dəqiq və qəti şəkildə qoyulmasına nail olmaqdı. Hazırda razılaşdırma prosesi gedir.
-Hansı əməkdaşlıq proqramları nəzərdə tutulmuşdur?
-İnvestisiyaların müdafiə olunmasını, ikiqat gömrük vergisinin aradan qaldırılmasını nəzərdə tutan dövlətlərarası proqramlar, bir sıra qanun layihələri imzalanmışdır. Bundan əlavə, gündəlikdə vizasız rejimin tətbiq edilməsi məsələsi durur. Lakin bu, iki aspektlə - Avropa İttifaqı və Şengenlə bağlı olan mürəkkəb prosedurdur.
-Estoniya deputatları Azərbaycanın uğurlarını necə dəyərləndirir və Dağlıq Qarabağ münaqişəsi barədə nə dərəcədə məlumatlıdırlar?
-Azərbaycan inkişaf edən ölkədir. Yeddi il əvvəl Estoniya nümayəndə heyəti ilə Bakıda olanda bizi ölkənin iqtisadiyyatı ilə tanış etmiş, rəqəmlər təqdim etmişdilər. O vaxt Azərbaycanın büdcəsinin Estoniyanın büdcəsindən kiçik olması bizi təəccübləndirmişdi. Lakin 7 il ərzində Azərbaycanın büdcəsi Estoniyanın büdcəsini 3 dəfə üstələdi. Çox güclü dinamikadır.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Estoniyanın mövqeyi Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür. Bu isə ərazi bütövlüyü və münaqişənin sülh yolu ilə həllidir.
-Azərbaycanlıların cəmiyyətə inteqrasiyası üçün dövlət səviyyəsində hansı işlər görülür?
-Estoniyada minədək azərbaycanlı yaşayır. Lakin azərbaycanlılar fəallıq baxımından lap əvvəldən, yəni ötən əsrin 80—ci illərinin axırından başlayaraq öndə oldular. Onlar Estoniya Respublikasının bərpa olunmasını açıq surətdə dəstəklədilər. Prezidentlərin müstəqilliyin bərpa edilməsi ilə əlaqədar öz nitqlərində həmişə azərbaycanlılardan danışmaları yaxşı hal sayılır. Yəni elə o vaxt - 20 il əvvəl azərbaycanlılar estonlara, estonlar isə azərbaycanlılara etibar edirdilər. 20 il ərzində real əməkdaşlıq təcrübəsi qazanılmışdır.
Azərbaycan icması həmişə tələb etməməyə çalışmış, tərəfdaşlıq münasibətləri təklif etmişdir. Odur ki, azərbaycanlılar bir çox şeylərə sürətlə nail olurdular, halbuki başqalarının buna gücü çatmırdı. İcma kiçikdir və özünü yaxşı tərəfdən göstərmişdir.
Estoniya Mədəniyyət Nazirliyinin vitse-kansleri Anne-Li Reymaa Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş qəbulda demişdir ki, Azərbaycan icması Estoniyanın ən mütəşəkkil milli azlıqlarından biridir.
Bir neçə il əvvəl “Aydan” Mədəniyyət Mərkəzi ilə birlikdə Estoniya məktəblərində “Azərbaycanı tanıyırsınızmı?” adlı müsabiqə təşkil etmək qərarına gəldik. Müsabiqə çox yüksək səviyyədə keçdi. Məktəblilər müsabiqədə çox fəal iştirak etdilər. Üstəlik, mükafat Azərbaycana səfər olacaqdı. Bu məsələ mətbuatda da geniş işıqlandırıldı, Estoniya ictimaiyyəti tərəfindən yaxşı qarşılandı, parlamentin özündə də bu barədə bilirdilər. Maraq çox böyük idi və nəticədə müsabiqəyə parlamentdə yekun vuruldu. Birinci müsabiqədən sonra Azərbaycana maraq xeyli artdığından biz Azərbaycan mahnı və rəqslərinə həsr olunmuş ikinci müsabiqəni təşkil etdik.
Tallinndə azərbaycanlı uşaqlar üçün uşaq bağçası fəaliyyət göstərir, lakin o, açıq bağçadır. Tərəfdaşlıq isə bundadır ki, şəhərin hakimiyyət orqanlarının uşaqların bağçalara yerləşdirilməsi ilə bağlı problemi varsa, Azərbaycan uşaq bağçası həmin uşaqları qəbul etməyə hazırdır. Bu bağçaya təkcə azərbaycanlı uşaqlar getmirlər. Eyni sözləri Azərbaycan Gənclər Mərkəzi haqqında da demək olar, onun üzvləri də təkcə azərbaycanlılar deyildir.
Bir il ərzində Estoniyada azsaylı türk icması fəaliyyət göstərməyə başladı. Azərbaycanlılar icmanın təşəkkül tapmasına, cəmiyyətə inteqrasiya olunmasına kömək edirlər.
Hazırda Tallinnin ən yaxşı gimnaziyalarından birində Azərbaycan dilinin tədrisinin rəsmiləşdirilməsi məsələsi müzakirə olunur. Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə qəbul keçirmək üçün Estoniyanın hakimiyyət orqanları ənənəvi olaraq Tallinn Ratuşasını bizim ixtiyarımıza verdilər, çünki hər şeyin yaxşı keçəcəyinə, hadisəsiz ötüşəcəyinə heç kəs şübhə etmir.
-Siz Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidentisiniz. Qurum nə kimi işlər görür?
-Qurumda hələlik təşəkkül prosesi gedir. Qarşılıqlı əməkdaşlıq məqsədi ilə Avropa ölkələrinin bütün Azərbaycan icmaları cəlb olunmuşdur. İşin funksional tərəfi görülmüşdür. İcmanın hesabına Tallinnə Finlandiya, İsveç və Latviyadan azərbaycanlı gənclərin nümayəndələrini dəvət etdik və fəaliyyət strategiyası işləyib hazırladıq. Əsas odur ki, Avropa ölkələrinin Azərbaycan icmaları birlikdə işləyir, lobbiçilik funksiyasını yerinə yetirir, ölkənin siyasi elitası vasitəsilə Azərbaycanla bağlı aktual məsələlər qaldırırlar. Qarşıya çox düzgün vəzifə qoyulmuşdur: biz inteqrasiya etmək və ölkənin həyatına fəal qoşulmaq istəyirik.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi öz növbəsində əlaqələndirici rol oynayır, görüşlər təşkil edir, əlaqələr qurur, məsələlər qaldırır. Komitə bu mərhələdə müsbət rol oynamışdır.
-Estoniya azərbaycanlılarından kimləri fərqləndirərdiniz?
-Kukla teatrının rəhbəri Rauf Afşarı, birinci Azərbaycan-eston və eston-Azərbaycan lüğətini tərtib etmiş, “Kitabi-Dədə Qorqud” dastanını eston dilinə tərcümə etmiş Vidadi Məmmədovu, dövlət radiosunda “Azərbaycanın səsi” verilişinin aparıcısı Sənəm Əliyevanı, habelə tanınmış Azərbaycan idmançılarını fərqləndirərdim. Estonlar bu insanlara öz milli sərvəti kimi yanaşırlar.
Nigar Hüseynova
AZƏRTAC -ın xüsusi müxbiri
Tallinn