“Elektron hökumət” portalına 35 yeni e-xidmət inteqrasiya olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
“Elektron hökumət” portalına 35 yeni e-xidmət inteqrasiya olunub. Bununla da portaldakı xidmətlərin sayı 422-yə çatıb.
“E-hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunlardan 340-ı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xidmətlərdəndir.
Oktyabrın 1-nə olan məlumata görə, portala 3 yeni qurum qoşulub və inteqrasiya olunmuş qurumların sayı 50-yə çatıb. Portala 2,5 milyon nəfər daxil olub. Bu dövrdə 772 yeni e-imza sertifikatı verilib və ümumi e-imzaların sayı 36 min 351-ə çatıb. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılıb və portala inteqrasiya olunub.
Bu ilin əvvəlində Açıq Hökumət Məlumatları - E-Gov 3 mərhələsinə start verilib. Hazırda portalda Ədliyyə, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Gömrük Komitəsi, “Azərsu” ASC-yə məxsus 25 adda açıq hökumət məlumatları yerləşdirilib.
“Elektron hökumət” portalı vasitəsilə 9 növ arayışın elektron formada verilməsinə başlanılıb və ötən 9 ayda 152 766 vətəndaşa təqribən 290 min e-arayış verilib. Ümumiyyətlə 193 224 vətəndaş tərəfindən 386234 dəfə e-arayış əldə edilib.