“Elektron hökumət” portalına 8,830,631 daxilolma qeydə alınıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin avqust ayının 31-dək “Elektron hökumət” portalına ümumilikdə 8,830,631 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 2,432,598 nəfər olub. Bu dövrdə “Elektron hökumət”ə müraciət edənlərin 27,6 faizini yeni istifadəçilər, 72,4 faizini isə təkrar müraciət edənlər təşkil edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “Elektron hökumət” bülleteninin növbəti sayına həsr olunmuş brifinqdə bildirilib.
Qeyd olunub ki, avqust ayında portala 625,695 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 212,317 nəfər olub. Bu dövrdə portala müraciət edənlərin 21,1 faizini yeni istifadəçilər, 78,9 faizini isə təkrar müraciət edənlər təşkil edib. “Elektron hökumət”ə daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 298,417-yə çatıb. Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 409 olub. Portalının son 3 illik fəaliyyət dövründə işlənən bütün məhsullar ABŞ-ın "Microsoft" şirkətinə məxsusdur.