ELİNA BISTRİTSKAYA: “SAKİT DON” KAZAK ŞİVƏSİNDƏN MƏHRUM EDİLMİŞDİR
Aktrisa demişdir: “Heç bir kəskin qiymət verməyəcəyəm, həmkarlarımın – aktyorların və rejissorun işini müzakirə etmək istəmirəm. Amma deməliyəm ki, bu filmdən çox şey gözləyirdim”.
O qeyd etmişdir ki, filmin bəzi yerləri xoşuna gəlmişdir. Əvvəlki “Sakit Don”da əksini tapmayan təfərrüata yeni versiyada yer verilmişdir. Kazak manevrlərinin planları çox yaxşıdır. Bondarçuk genişmiqyaslı səhnələr yaradılmasında həmişə güclü olmuşdur.
Bıstritskayanın sözlərinə görə, filmin yaradıcıları onu çox maraqlı bir xüsusiyyətdən – kazak şivəsindən məhrum etmişlər. “Ola bilsin, ingilis dili kazak nitqinin xoş avazını saxlamağa imkan vermir”.
Xatırladaq ki, Bondarçukun dünya şöhrətli yazıçı Mixail Şoloxovun eyni adlı romanı əsasında çəkdiyi “Sakit Don” filmi Rusiyanın Birinci telekanalı ilə noyabrın 7-dən göstərilməyə başlamışdır.
Filmdə Aksinya rolunu fransız aktrisası Delfin Forest oynamışdır.
Bondarçuk özünün sonuncu epik filmi üzərində italiyalı prodüser Entso Rispoli ilə birlikdə iki il – 1989-90-cı illər ərzində işləmişdir. Lakin rejissor işi başa çatdıra bilməmişdir, çünki prodüser öz firmasının müflisləşdiyini elan etmiş və çəkilmiş lentin 160 min metri uzun illər Rusiyanın hüdudlarından kənarda qalmışdır.
13 illik axtarışdan sonra Bondarçukun son filminin materialları Rusiya Mədəniyyət və Kommunikasiyalar, Xarici İşlər nazirliklərinin, “Mosfilm” kinokonserninin, habelə ölkənin bir sıra mədəniyyət xadimlərinin köməyi ilə Rusiyaya gətirilmişdir.
Film rejissorun özünün qeydləri və mülahizələri əsasında montaj edilmiş və səsləndirilmişdir. Müəllif versiyasının montajı üzərində Bondarçukun oğlu Fyodor işləmişdir.