Elmi Bərpa Mərkəzinin əməkdaşlarına orden və medallar təqdim edilib
Bakı, 11 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 11-də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 60 illiyi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli İncəsənət Muzeyində reallaşan tədbirdə əvvəlcə qonaqlar mərkəzdə saxlanılan eksponatların yer aldığı sərgi ilə tanış olublar.
Sonra mərkəzin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş edilib.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətindən danışıb. Qeyd edib ki, Elmi Bərpa Mərkəzində bu günədək 2 minə yaxın müxtəlif muzey eksponatları bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb. Vurğulanıb ki, respublikamızda fəaliyyət göstərən muzeylərin kolleksiyalarına daxil olan maddi-mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi artıq etibarlı əllərdədir. Cənubi Qafqazda yeganə olan Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə tarixi-mədəni abidələrin, eləcə də sənət əsərlərinin bərpası dövlət və ictimai əhəmiyyət kəsb edir. Bərpaçılıq sənətinin yarım əsrlik bir dövrü əhatə etməsi bir daha bu peşənin xalqın maddi və mənəvi dəyərlərinin qorunmasından xəbər verir və bu sahəyə olan diqqətin davamlılığını şərtləndirir.
Bu sahənin dövlət başçısının diqqət və qayğısı ilə əhatələndiyini deyən nazir söyləyib ki, hazırda Elmi Bərpa Mərkəzində 40-dək insan çalışır. “Dövlət hər bir muzey işçisinin, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşlarının fəaliyyətinə xüsusi diqqət və dəyər verir. Muzey əməkdaşlarının işi bizim üçün çox önəmlidir. Çünki onlar bizim tariximizi qoruyur, onu bərpa edirlər. Hesab edirəm ki, bərpa işində yeni mərhələ başlanmalı, hər bir böyük muzey özünün bərpa emalatxanasını mütləq təsis etməlidir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları həmin emalatxanalarla sıx əməkdaşlıq etməli, Azərbaycanda bərpaçı məktəbi mütləq formalaşmalı, möhkəm elmi əsasların bünövrəsi qoyulmalıdır. Bərpaçı işinə dünyada böyük tələbat var. Yeni texnologiyaları tətbiq etməklə tarixi əşyalara yeni baxış formalaşmalıdır. Muzeylər bərpaçı işində müasir texnologiyaları tətbiq etməli, görülən işlər rəqəmsal formatda nümayiş olunmalıdır”, - deyə nazir əlavə edib.
Sonra nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən mərkəzin fəxri adlara layiq görülmüş bir qrup əməkdaşına orden və medalları təqdim edib.