Elmira Həsənova: Novruz bayramını təzə evimizdə keçirəcəyik
Şamaxı, 5 mart, AZƏRTAC
Fevralın 5-6-da baş verən zəlzələdən daha çox zərər çəkən Şamaxıda qəzalı vəziyyətdə olan evlərin sökülərək yenidən tikilməsi istiqamətində tədbirlər davam edir. Bu cür binalardan biri şəhərin Əlyarbəyov küçəsində Elmira Həsənovaya məxsus 7 nömrəli evdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən ayrılan vəsait hesabına Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən evin inşası artıq başa çatdırılır.
Sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Elmira Həsənova deyib: “Gözəl evdir. Ailə üzvlərimizlə birlikdə Novruz bayramını təzə evimizdə keçirəcəyik. Artıq son işlər görülür. Bu sevinci bizə bəxş etdiyi üçün Prezidentimiz İlham Əliyevə çox-çox minnətdaram. Əziz Prezidentimiz zəlzələdən dərhal sonra Şamaxıya gəldi, sakinlərlə görüşdü, qəzalı evlərin yenidən tikilməsi ilə əlaqədar aidiyyəti qurumlara konkret tapşırıqlar verdi, dərhal da vəsait ayırdı. Artıq zəlzələdən yararsız hala düşmüş evlərin yerində yeniləri tikilib”.
Elmira Həsənova göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına bir daha dərin minnətdarlığını bildirib.