ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ GÖRÜŞ OLMUŞDUR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə nazirliyin səlahiyyətləri çərçivəsində mövcud problemlərin həlli, qarşılıqlı maraq doğuran tədbirlərin həyata keçirilməsi məsələlərinə toxunulmuşdur. Nazir Əli Nağıyev ölkəmizin sosial-iqtisadi həyatında, xüsusilə əhalinin məşğulluğu sahəsində hələ də həll edilməmiş problemlərin mövcudluğunu qeyd etmişdir. Keçən əsrin 90-cı illərinin əvvəllərində ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, iqtisadiyyatın yeni təməl üzərində qurulması mövcud müəssisələrin və xidmət obyektlərinin fəaliyyətinin zəifləməsinə və ya tamamilə dayandırılmasına gətirib çıxarmışdır. Bu isə öz növbəsində ölkədə işsizliyin artmasına səbəb olmuşdur.
Nazir bildirmişdir ki, yoxsulluq probleminin həll edilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən səmərəli vasitələrdən biri, məhz, məşğulluğun stimullaşdırılması və yeni iş yerlərinin yaradılmasıdır. Bu baxımdan, ölkəmizin Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” reallığı tam əks etdirməklə, insanların həyatında ciddi dönüş yaratmaq, onların sosial vəziyyətini yaxşılaşdırmaq, regionlarda mövcud potensialdan istifadə edərək yeni iş yerlərinin açılmasını təmin etmək kimi ali məqsədlərə xidmət edir.
Səmimi qəbula görə minnətdarlığını bildirən M.Pavezi Azərbaycanda həyata keçirilən siyasətin qısa zaman ərzində ölkə iqtisadiyyatında əsaslı dəyişikliklərə səbəb olacağını bildirmiş, eyni zamanda qarşıya qoyulan məqsədlərə çatmaq üçün regionlarda kiçik və orta sahibkarlığı inkişaf etdirməyin, bu məqsədlə yerli potensialdan istifadənin səmərəsini artırmağın, sərmayədarların respublikamızın bölgələrinə cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etməyin, yerli icra hakimiyyəti orqanları və mütəxəssisləri üçün müvafiq kursların keçirilməsinin zəruriliyini vurğulamışdır.
Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında aparılan ardıcıl və sistemli iqtisadi islahatların davamı kimi bu tədbirlər yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, insanların faydalı əməklə məşğulluğunun artırılmasına səbəb olacaq və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə öz töhfəsini verəcəkdir.