Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Karyerada ilk addım” devizi altında tədbir keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər həyata keçirilir. Ənənəvi olaraq hər il məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən yarmarka da belə tədbirlərdən biridir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2007-2010-cu illər ərzində respublikanın Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə 1432 müəssisə 8467 boş (vakant) iş yeri ilə iştirak etmiş və nəticədə 1440 nəfər məzun və tələbə münasib işlərlə təmin olunmuşdur.
Mayın 13-də “Qafqaz” universitetində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında növbəti məşğulluq tədbiri təşkil olunmuşdur. Tədbirdə 27-si dövlət, 62-si özəl olmaqla 89 müəssisə tərəfindən 813 boş (vakant) iş yeri təqdim edilmişdir.
Universitetdə tələbə və məzunlar üçün işaxtaranların sosial adaptasiyası üçün məsləhət otağı fəaliyyət göstərmişdir. Məsləhət otağının köməyi ilə tələbə və məzunlara iş axtarmağın metodologiyası öyrədilmiş, onlara işaxtarma şəbəkəsini müəyyənləşdirmək, özünü təqdimat, müsahibəyə hazırlaşmaq, xülasə hazırlamaq və s. barədə məsləhətlər, mövcud əmək bazarı haqqında məlumatlar verilmişdir. Eyni zamanda, Dövlət Məşğulluq Xidmətinin məlumat bazasında mövcud olan boş iş yerləri də işaxtaranların seçiminə təqdim edilmişdir.
Tədbirdə işsiz və işaxtaranların müvəqqəti xarakterli işlərlə təmin olunması məqsədi ilə Əmək Birjası da iştirak etmişdir.
Xatırladaq ki, məzun və tələbələr üçün növbəti “Karyerada ilk addım” tədbiri mayın 20-də Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində, mayın 27-də Bakıda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçiriləcəkdir.