E.MƏMMƏDYAROV: ABŞ-DA ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ GENİŞ SƏPKİDƏ MÜZAKİRƏ OLUNACAQ
Nazir bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin ABŞ-a səfəri və Prezident Corc Buşla görüşü zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsi, habelə beynəlxalq və regional səviyyəli məsələlər müzakirə olunacaqdır. E.Məmmədyarovun sözlərinə görə, danışıqların vacib mövzularından biri Qafqazda münaqişələrin həlli yollarıdır. Enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmlə mübarizə, o cümlədən Azərbaycanın terror əleyhinə koalisiyada iştirakı məsələləri də müzakirə olunacaqdır.
E.Məmmədyarov ABŞ-da İran məsələsinin müzakirə olunub-olunmayacağı sualına cavabında demişdir: “İran mövzusu regional siyasət baxımından səslənə bilər. Bizim qonşu İranla problemimiz yoxdur. Ümumi sərhədimiz var. Ermənistanla münaqişə nəticəsində blokada vəziyyətinə düşmüş Naxçıvana yükləri çatdırmaq üçün yeganə yol buradan keçir. İran yaxın qonşumuzdur. Bizi iqtisadi və mədəni, tarix və din baxımından bir çox cəhətlər birləşdirir, İranda çoxlu azərbaycanlı yaşayır. İran regional ölkə, regional liderdir. Biz hesab edirik ki, məsələlərin diplomatik yolla həlli imkanları tükənməyib və hər bir dövlət Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında atom energetikasını dinc məqsədlərlə inkişaf etdirmək hüququna malikdir”.
Respublika XİN-in başçısı onu da bildirmişdir ki, Vaşinqton danışıqları çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair yeni təkliflər gözləmək çətindir. O demişdir: “Azərbaycanın 15 il ərzindəki dəyişməz mövqeyi elə dəyişməz olaraq qalır. Biz məsələnin beynəlxalq hüquq normaları və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, ATƏT-in qərarlarına müvafiq həlli yoluna həmişə tərəfdar olmuşuq və indi də tərəfdarıq. Əgər münaqişəyə real surətdə son qoymaq istəyiriksə, şübhəsiz, onun vaxtaşırı qızışmasına yol verməmək üçün qərar sırf qanuniliyə əsaslanmalıdır. Vasitəçilər tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün təmas nöqtələri axtarmağa çalışırlar. “Öz müqəddəratını təyin etmək” anlayışına gəldikdə isə, beynəlxalq hüquq prinsiplərinə görə, bu anlayış ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmur. Xalq, yaxud milli azlıq müqəddəratını ərazi bütövlüyü əsasında təyin edir və Azərbaycan öz tərəfindən erməni milli azlığına Dağlıq Qarabağ çərçivəsində ən yüksək muxtariyyət verməyə hazırdır. Bu nümunə hamıya tanışdır və dünyada, Avropada geniş tətbiq olunur”.