Emin Nəcəfli: “Filosoflar abidə”si Azərbaycan, Qazaxıstan və Ukrayna arasında körpü rolunu oynayır
Xarkov, 23 oktyabr, AZƏRTAC
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadənin abidəsi ucaldılıb.
AZƏRTAC xəbər verir ki, Xarkov şəhərində yenidən qurulan “Filosoflar meydanı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidə-kompozisiyası yaradılıb.
Abidə-kompozisiyası Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov tərəfindən hazırlanıb. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti, azərbaycanlı Emin Nəcəflinin maliyyə dəstəyi ilə gerçəkləşən kompozisiya azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadəyə, qazax filosofu Abay Kunanbayeva və ukraynalı filosof Qriqori Skovoroda həsr olunub.
Emin Nəcəfli AZƏRTAC-a açıqlamasında bildirib ki, hər üç mütəfəkkirin obrazı milli çalarda, gələcək nəsillərə ötürüləcək düşüncə ilə çatdırılıb. “Abidə Qazaxıstan, Azərbaycan və Ukrayna arasında körpü rolunu oynayır. Bu layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə, Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirliklərinə və Xarkov şəhər Meriyasına təşəkkürümü bildirirəm”, deyə Emin Nəcəfli əlavə edib.
Bu gün parkın və abidə-kompozisiyasının açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, bir müddət öncə Xarkov şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin və şəhər meriyasının birgə təşəbbüsü, təşkilatçılığı ilə dahi mütəfəkkir və filosof Nizami Gəncəvinin abidəsi də ucaldılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov