“Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası, YAP Ərazi Təşkilatı, Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü və 28 May - Respublika Gününə həsr olunan müsabiqə gənc alim və mütəxəssislər - doktorant, dissertant, magistrant arasında keçirilib.
AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev diqqətə çatdırıb ki, institutda gənc alim və mütəxəssislərə böyük diqqət və qayğı göstərilir: “Hər bir elmi tədqiqat institutunun gələcəyi orada hazırlanan yüksəkixtisaslı kadrlardan - fəlsəfə və elmlər doktorlarından asılıdır. Doktorantura, dissertantura və magistraturaya qəbul olunan hər bir gəncin qarşısına qoyduğu əsas hədəflərdən biri də müvafiq elmi dərəcə və elmi adlar qazanmaqla çalışdığı elmi müəssisəyə, bütövlükdə Azərbaycan elminə, eləcə də dünya elminə töhfə verməkdir”.
Akademik Vaqif Fərzəliyev vurğulayıb ki, AKİ-də çalışan gənc alim və mütəxəssisləri daha yüksəksəviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün adlı mükafatların verilməsi, elmi müsabiqələrin keçirilməsi ənənəyə çevrilib. Bu isə imkan verir ki, gənc tədqiqatçılar müəyyən qədər maddi dəstək alsın, elmi məruzə etmək, elmi məqalə yazmaq vərdişlərinə yiyələnsin, sabahın istedadlı alimi kimi yetişsin.
İnstitutun elmi işlər üzrə direktor müavini, müsabiqənin ekspert komissiyasının sədri, dosent Əfsun Sucayev qeyd edib ki, gənclərin elmə həvəslənməsinin əsas yollarından biri də elmi müsabiqələrin keçirilməsidir. Bu yolla onlar arasında sağlam rəqabət mühiti formalaşdırmaq mümkündür.
Müsabiqənin nəticələrinə görə, 2 saylı laboratoriyanın gənc əməkdaşı Günay İsmayılova I, 4 saylı laboratoriyanın əməkdaşı Lamiyə Kazımova II, 5 saylı laboratoriyanın əməkdaşı Ulduz Cəfərova III, 3 saylı laboratoriyanın əməkdaşı Nuridə Məmmədova isə həvəsləndirici yerə layiq görülüb.
Qaliblərə diplom və mükafat təqdim olunub.