“EnterpriseAzerbaijan.com” portalı UNEC-də startap təlimi təşkil edib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “EnterpriseAzerbaijan.com” portalı Vergilər Nazirliyinin dəstəyi və UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Biznesə necə başlamalı” mövzusunda təlim keçirib.
AZƏRTAC xəbər verir ki, “UNEC Digital Marketing” Mərkəzinin direktoru Ramil Cabbarov ölkəmizdə təhsil, elm və biznes əlaqələrinin vacibliyini vurğulayıb.
“EnterpriseAzerbaijan.com” portalının meneceri Aytən Məmmədova tələbələrə platformanın yenilikləri barədə məlumat verib. Bildirib ki, portal gənc sahibkarların investisiyalar bazarına çıxışını asanlaşdırır, investisiya cəlbi üçün sərf olunan resurslara qənaət edir, həmçinin xərcləri azaldır.
Daha sonra Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi və 2019-cu ilin əvvəlindən başlayaraq tətbiq olunan güzəştlər barədə məlumat verib.
Tədbir çərçivəsində “EnterpriseAzerbaijan.com” portalının ekosistemində yer alan və “British Council”ın “Kreativ qığılcım” layihəsinin meneceri kimi fəaliyyət göstərən Oruc Dursunzadə layihənin daha praktiki tərəfləri barədə tələbələrə məlumat verib. O, layihə çərçivəsində əməkdaşlıq etdiyi UNEC-dən seçiləcək tələbə və müəllimlərin Böyük Britaniyadakı “New Castle” Universitetinə reallaşacaq səfəri, o cümlədən rəqəmsal sferada ingilis dili öyrənə bilmə fürsətindən danışıb.
Sonra “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov portalın əməkdaşlıq etdiyi Beynəlxalq Ticarət Mərkəzinin (ITC) “Amazonla qazan” layihəsi barədə danışıb. Bildirib ki, layihə çərçivəsində seçilmiş startapçılar “EnterpriseAzerbaijan.com” portalının inkubasiya mərkəzindən yararlana bilərlər.
Təlimdə iştirak edən 200-dən çox tələbəyə sertifikat təqdim olunub.