“Ər və Arvad” tamaşası nümayiş edilib
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri, şərqin ilk operettası - "Ər və arvad” musiqili komediyası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu vaxtdan (1910) indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən sevilən bu səhnə əsərinin budəfəki nümayişi Akademik Musiqili Teatrın tanınmış aktrisası, Əməkdar artist Nahidə Orucovanın 60 illik yubileyi münasibətilə təqdim olunub.
Tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı sevilən aktrisanın səhnə fəaliyyətindən danışıb.
Nahidə Orucova tamaşada Minət xanım obrazını canlandırıb və onunla yanaşı, Xalq artistləri - professor İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər - Ələkbər Əliyev, aktyorlar - Gülcahan Salamova, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları eyni səhnəni bölüşüblər.