Erməni qəsbkarları Xocalıda insanlığa yaraşmayan vəhşiliklər törətmişlər
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocalı soyqırımına həsr olunmuş sərgi və film nümayiş olunmuşdur.
Tədbirdə institutun rektoru, professor Asəf Zamanov çıxış edərək Xocalı soyqırımını nəinki xalqımıza və dövlətimizə, ümumilikdə, bəşəriyyətə qarşı misli görünməmiş cinayət adlandırmışdır.
Bildirilmişdir ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə öz məkrli siyasətlərini həyata keçirərək insanlığa yaraşmayan vəhşiliklər törətmiş, Xocalı şəhərini yerlə-yeksan etmişlər.
Rektor zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətindən söhbət açaraq müxtəlif illərdə yüz minlərlə azərbaycanlının öz ata-baba torpaqlarından deportasiya olunduğunu diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir.
Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər xüsusi vurğulanmışdır.
Rektor bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülür.
Tədbirdə “Xocalı jurnalistlərin gözü ilə”, “Xocalı soyqırımı dünya müstəvisində”, “Xocalı faciəsi Azərbaycan ədəbiyyatında”, “Xocalı harayı - gənclərin səsi” mövzularında məruzələr dinlənilmişdir.