ERMƏNİ QULDUR BİRLƏŞMƏLƏRİNİN QUBADA QƏTLƏ YETİRDİKLƏRİ 3 MİN YƏHUDİDƏN 87 NƏFƏRİNİN ADI MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Azərbaycandakı yəhudi icmaları nümayəndələrinin, tarixçi alimlərin, yerli və xarici kütləvi informasiya vasitələri əməkdaşlarının iştirak etdiyi tədbir Azərbaycan tarixinin indiyədək naməlum qalmış səhifələrindən birinə - 1918-1919-cu illərdə erməni quldur birləşmələri tərəfindən Qubada və ölkəmizin digər bölgələrində törədilmiş yəhudi soyqırımına həsr olunmuşdu.
İnstitutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev məlumat vermişdir ki, həmin faciə ilə bağlı şahid ifadələrini, Azərbaycandakı dağ yəhudilərinin dini icmasının sənədlərini, ayrı-ayrı yəhudi ziyalılarının xeyli sayda yazılı müraciətlərini əsas götürərək tarixi ədaləti insan hüquqları kontekstində bərpa etmək, 1918-1919-cu illərdə azərbaycanlılarla bərabər Azərbaycanın yəhudi əhalisinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı cinayətinə dair faktları aşkar edib açıqlamaq istiqamətində araşdırmalar aparmışlar. Dini icma rəhbərliyinin, dövlət arxivləri əməkdaşlarının və ayrı-ayrı vətəndaşların köməyi sayəsində əldə edilən sənədlərin müqayisəli təhlili nəticəsində Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdikləri daşnak quldur dəstələri tərəfindən hələlik təkcə Quba rayonu ərazisində xüsusi amansızlıqla qətlə yetirilmiş 3 min nəfərədək dinc yəhudidən 87-nin adını dəqiqləşdirmək mümkün olmuşdur. Onların “günahı” ermənilərlə əməkdaşlıqdan imtina idi.
Natiq vurğulamışdır ki, bədnam “Böyük Ermənistan” xülyasını rəhbər tutan erməni millətçilərinin etnik azərbaycanlılarla yanaşı, Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara qarşı da törətdikləri kütləvi terror aksiyaları barədə həqiqətlər uzun müddət unudulmuş, bu cinayətləri təsdiqləyən sənədlərin bir hissəsi erməni millətindən olan arxiv işçiləri tərəfindən məhv edilmişdir.
Rövşən Mustafayevin sözlərinə görə, təqdim olunan tarixi sənədlər çoxları üçün gözlənilməz olacaqdır. Çox güman ki, müəyyən kənar qüvvələr onları siyasiləşdirməyə çalışacaqlar. Şəxsən mənim qənaətimə görə, bugünkü tədbirin əsas məqsədi tarixi yaddaşın bərpasıdır. Hər hansı bir millətə, etnik qrupa qarşı törədilmiş cinayətlər unudulmamalı, insanların yaddaşından silinməməlidir.
Rövşən Mustafayev onu da qeyd etmişdir ki, təqdim olunan tarixi həqiqətlər ictimai maraq doğurduğu üçün Azərbaycan Respublikası Dövlət Arxivində bu barədə aşkar olunan ilk sənəd – Fövqəladə İstintaq Komissiyasının 1918-ci il 2 dekabr tarixli rəsmi məktubudur. Rus dilində yazılmış bu sənəddə Qubada ermənilər tərəfindən məhv edilmiş bir qrup dağ yəhudisinin adlı siyahısı verilmişdir. Bundan başqa, bir sıra xarici ölkə alimləri ermənilərin yəhudilərə qarşı törətdikləri soyqırımına dair araşdırmalar aparmışlar. Məsələn, avstriyalı alim Erix Fayqlın tədqiqatlarına əsasən, 1941-1945-ci illərdə Avropada yəhudilərin kütləvi şəkildə məhvində Himmlerin dəstəyi ilə yaradılmış erməni faşist legionu müstəsna rol oynamışdır. Bu baxımdan, Azərbaycanda baş vermiş yəhudi soyqırımı aksiyası barədə faktlar ilk dəfədir ki, ictimaiyyətə təqdim olunur.
Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov xatırladılan siyahını səsləndirmiş, erməni terroru qurbanlarının ruhuna dua oxumuşdur. Natiq institutun kollektivinə minnətdarlığını bildirmiş, tarixi həqiqətlərin bərpası istiqamətində ona uğurlar arzulamışdır.
Milli Məclisin deputatı Yevda Abramov, Dövlət Ədəbiyyat və Mədəniyyət Arxivinin direktoru Maarif Teymurov, Avropa Yəhudiləri İcmasının nümayəndəsi, tarixçi Moisey Bekker vurğulamışlar ki, əldə edilmiş tarixi faktlar mütləq dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.
Azərbaycandakı dağ yəhudilərinin adından dövlətimizin başçısı Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Müraciətdə 1918-1919-cu illərdə Azərbaycanda erməni terrorunun qurbanlarından olan dağ yəhudilərinin xatirəsini əbədiləşdirmək üçün Quba şəhərindəki Qırmızı qəsəbədə abidə ucaldılması, tarixi faktların öyrənilməsi istiqamətində tədqiqatların davam etdirilməsi xahiş olunmuşdur.