ERMƏNİ SEPARATİZMİ GÜRCÜSTANDA VÜSƏT ALIR
AZƏRTAC Gürcüstanın KİV-lərinə istinadla xəbər verir ki, ermənilərin separatçı “Vahid Cavakx” təşkilatı son günlər Gürcüstanda fəaliyyətini genişləndirmişdir.
Tapşırıqları birbaşa Yerevandan alan separatçı qurum son aylar törətdiyi terror hadisələri və antigürcü təbliğatı ilə gündəmdə olmuşdur.
Son olaylara əsəbləri tab gətirməyən rəsmi Tbilisi isə baş verənlərə adekvat cavablar verir. Dəfələrlə Gürcüstanın Ermənistanla sərhədində yerləşən Cavaxetiyada baş verən lokal xarakterli iğtişaşlardan sonra Gürcüstanın güc strukturları vilayətdə separatçı fəaliyyəti ilə fərqlənən ermənilərin “Vahid Cavakx” təşkilatına qarşı əməliyyat keçirmişlər. Əməliyyatın başlanmasına əsas səbəb bir qədər əvvəl Ermənistan tərəfdən Cavaxetiya ilə sərhəddə atışma və Axalkalaki rayonunun polis rəisinin evinin yanında partlayış törədilməsi olmuşdur.
Artıq bir neçə ildir ki, bu separatçı təşkilat regionda destruktiv fəaliyyət göstərir. Əsas məqsədləri Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsinin tikintisinə mane olmaq, Cavaxetiyanın guya tarixi erməni torpağı olduğunu sübut etməkdir.
Bundan əlavə, separatçı təşkilat yerli erməni mənşəli əhali arasında güclü təbliğat apararaq rəsmi Tbilisiyə təzyiqlər göstərməklə məşğuldur. Təşkilatın ofisində və ona məxsus olan “Gənclik” radiosunda Gürcüstan polisinin apardığı əməliyyat nəticəsində iyirmidən artıq separatçı dindirilmək üçün polis şöbəsinə gətirilmişdir. Hadisələrin törədilməsində əsas günahkar hesab olunan Qurgen Şirinyan isə gizlənə bilmişdir.
Maraqlıdır ki, hadisələrə qiymət verən “Mitk” analitik mərkəzinin rəhbəri Eduard Abramyan “Vahid Cavakx” təşkilatının regiondakı destruktiv fəaliyyətini məqsədyönlü adlandırmışdır. E.Abramyan bildirmişdir ki, Türkiyənin Gürcüstanda nüfuzunun artmasının və Gürcüstan ərazisindən keçən regional layihələrin gerçəkləşməsinin qarşısının alınmasında düzgün taktikadır. O, bu baxımdan Gürcüstan hökumətinə təzyiq göstərmək üçün Cavaxetiya ermənilərindən istifadə etməyin zəruriliyini qeyd etmişdir. Bu açıq fəaliyyət və fikirlər deməyə əsas verir ki, rəsmi Yerevan Cənubi Qafqazda ikinci qondarma respublika yaratmaq əzmindədir.