“ERMƏNİSTAN AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNİ TƏRK ETMƏLİDİR”
Məqaləni “Azərbaycan Respublikasının ərazisinin bir hissəsi, Dağlıq və Aran Qarabağdan ibarət olan Qarabağın tarixi qədim dövrlərə gedib çıxır. Qarabağ tarixən həmişə bütün Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur” fikri ilə başlayan Nərgiz Malik oxuculara ölkəmizin tarixi barədə kifayət qədər məlumat verir.
Müəllif IV əsrdə Qafqaz Albaniyasında xristianlığın dövlət dini kimi qəbul edildiyini, VII əsrdən Azərbaycanda islam dini yayılmağa başladıqdan sonra da alban kilsəsinin fəaliyyətini davam etdirdiyini, Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra isə erməni kilsəsinin təhriki ilə
çar hökumətinin alban kilsəsini ləğv etdiyini xatırladır. Çar Rusiyasının Cənubi Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına İran və Türkiyədən erməniləri kütləvi şəkildə köçürməsindən, özgə torpaqları hesabına dövlət yaratmaq istəyən ermənilərin planları ilə Rusiyanın imperiya siyasətinin üst-üstə düşməsindən də geniş bəhs olunur. Bildirilir ki, bu siyasət sonralar, sovet dövründə də davam etdirilmişdir. Azərbaycan torpaqları hesabına erməni dövləti, Qarabağın dağlıq hissəsində isə süni olaraq muxtar vilayət yaradılmışdır. Bununla əlaqədar müəllif vurğulayır ki, halbuki nə SSRİ-nin mərkəzi hökuməti, nə də Ermənistan SSR Ermənistanda yaşayan 300 min azərbaycanlıya heç vaxt hətta mədəni muxtariyyət statusu verilməsinin mümkünlüyünü nəzərdən keçirməmişdir. Bundan başqa, yüz mindən çox azərbaycanlı 1948-50-ci illərdə zorla Ermənistandan deportasiya olunmuşdu. Azərbaycanlıların Ermənistandan tamamilə qovulub çıxarılması isə 1988-89-cu illərdən etibarən başa çatdırıldı.
Məqalədə daha sonra deyilir ki, Moskvadakı mərkəzi hökumət öz məqsədləri üçün ermənilərin ekspansionist ambisiyalarından istifadə etdi ki, bu da son nəticədə bütün bölgəyə böyük zərər vurmuş dəhşətli təcavüzə və bədbəxtliklərə gətirib çıxartdı. Münaqişə Rusiyanın Ermənistanı siyasi və hərbi baxımdan dəstəkləməsi ilə daha da dərinləşdi. 1993-cü ildən bəri Ermənistan Rusiyadan 1 milyard dollarlıq silah-sursat (ən müasir tanklar, zirehli transportyorlar, raketlər və tonlarla döyüş sursatı) almışdır. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Hər səkkiz azərbaycanlıdan biri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan, habelə ona bitişik ətraf rayonlardan, yaxud Ermənistandan qovulmuş qaçqın və ya məcburi köçkündür. Hətta nasistlər də işğal etdikləri ərazilərin sakinlərinə orada qalmağa və yaşamağa icazə verirdilər. Lakin ermənilər azərbaycanlıları bütün işğal olunmuş ərazilərdən qovmuşlar. 1992-ci il fevralın 26-da Dağlıq Qarabağda bir gecədə tamamilə dağıdılmış, qadın və uşaqlar da daxil olmaqla, 700-dək insanın qətlə yetirildiyi kiçik Xocalı şəhəri azərbaycanlılara qarşı törədilmiş soyqırımının dəhşətli nümunəsidir.
Müəllif yazır ki, 1994-cü ilin mayında atəşkəs barədə razılıq əldə olunsa da, münaqişənin danışıqlar yolu ilə həlli cəhdləri hələ ki, bir nəticə verməmişdir. 1992-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı münaqişənin həlli üçün vasitəçilik missiyasını yerinə yetirir. Təşkilatın 1996-cı ildə Lissabonda keçirilmiş sammitində 54 üzv dövlətdən 53-ü münaqişənin həlli üzrə 3 prinsipi əks etdirən bəyannamə qəbul etmişdir. Ermənistan bəyannamənin qəbul olunmasına etiraz edən yeganə dövlət olmuşdur.
Məqalədə vurğulanır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllinə dair bir neçə dəfə təkliflər vermişlər. Vaxtilə həmin təkliflərdən biri Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən qəbul edilmişdi. Lakin Ermənistandakı radikal qüvvələr və Dağlıq Qarabağdakı separatçılar həmin təklifə qarşı çıxdılar. Nəticədə Prezident Ter-Petrosyan istefa verməli oldu və hakimiyyətə radikal qüvvələr gəldilər.
Nərgiz Malik xatırladır ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, bunların heç biri indiyədək yerinə yetirilməmişdir. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqlar hələ də davam etdirilir. Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normalarına müvafiq surətdə və ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə, Dağlıq Qarabağa Azərbaycanın tərkibində dünya təcrübəsində mövcud olan ən yüksək muxtariyyət verilməsinə tərəfdardır.