ERMƏNİSTAN PREZİDENTİ GÜRCÜSTANDA RƏSMİ SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 30-da Tbilisiyə rəsmi səfərə gəlmişdir.
Onun Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə bir saatlıq təkbətək görüşündən sonra geniştərkibli görüş olmuşdur.
Prezidentlərin birgə mətbuat konfransında M.Saakaşvili demişdir ki, biz Ermənistanda, bölgədə baş verən prosesləri diqqətlə izləyirik. Mən Ermənistanın Gürcüstanın ərazi bütövlüyünü, ərazimizdəki münaqişlərin sülh yolu ilə tənzimlənməsini dəstəklədiyini razılıqla qeyd edirəm. Biz Gürcüstan-Ermənistan sərhədini dostluq sərhədinə çevirməli, sərhədlərdən keçidi sadələşdirərək İsveçrə-Almaniya sərhədləri səviyyəsinə yüksəltməliyik. Prezident bildirmişdir ki, Gürcüstanın maliyyə və iqtisadi inkişaf nazirləri bu yaxınlarda Yerevana gedib lazımi danışıqlar aparacaqlar.
M.Saakaşvili Ermənistanla sərhəddə yerləşən Samtsxe-Cavaxetiya bölgəsində görülən işlərdən, burada həyata keçirilən tədbirlərdə Ermənistanla əməkdaşlığın vacibliyindən danışmışdır.
S.Sarkisyan hər iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə etmiş, bu münasibətlərin dərinləşdirilməsi üçün perspektivlərin olduğunu vurğulamışdır. Məlumat vermişdir ki, ölkəsinin xarici ticarət dövriyəsinin 70 faizi gürcüstan ərazisi vasitəsi ilə həyata keçirilir. Ona görə də Gürcüstanda sabitlik olmasında maraqlıdırlar. O məlumat vermişdir ki, danışıqlarda əlaqələrin daha da yaxşılaşdırılması, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistan sərhədindən Qara dəniz sahillərinə yol çəkilişi və s. Barədə razılıq əldə edilmişdir.
Ermənistan prezidenti səfər çərçivəsində Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşəcək, İ.Cavaxaşvili adına Tbilisi Dövlət Universitetində ona fəxri doktor adı veriləcəkdir.