Eskişehirdə BDU-nun təşkilatçılığı ilə konfrans keçirilib










Bakı, 11 aprel, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU), “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türkiyənin Anadolu Universiteti və Eskişehir-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı, Azərbaycanın Türkiyədəki səfirliyinin tərəfdaşlığı ilə aprelin 11-də “Erməni problemi və XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və sürgünlər” mövzusunda panel-konfrans keçirilib.
Anadolu Universitetində keçirilən tədbir Türkiyənin və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirin moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri professor Burhan Sayılır konfrans barədə məlumat verib.
Açılış nitqləri ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və Eskişehir-Azərbaycan Dərnəyinin sədri Cavid Aydın çıxış ediblər. Çıxışlarda XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin panel müzakirələrində Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Gökhan Güneysu, BDU-nun Tarix fakültəsinin dosenti Aydın Məmmədov təqdimatla çıxış ediblər. Məruzələrdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi sənədlər və arxiv materialları əsasında təhlili aparılıb, hadisələrin səbəbləri və nəticələri elmi əsaslarla izah olunub.
Daha sonra tədbir sual-cavab sessiyası ilə davam edib.
Bu panel-konfrans aprelin 9-da İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində təşkil olunmuş analoji tədbirin davamıdır. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan konfransların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.