ESTONİYA ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİ ƏSASINDA HƏLLİNƏ TƏRƏFDARDIR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Estoniyada səfərdə olan nazir Elmar Məmmədyarovun bu ölkənin Baş naziri Andrus Ansip ilə aprelin 25-də keçirilən görüşündə iqtisadi, enerji, regional və beynəlxalq məsələlər müzakirə olunmuşdur.
Nabukko layihəsinin birinci mərhələsi üçün Azərbaycanın lazımi potensiala malik olduğunu bildirən nazir Elmar Məmmədyarov regional məsələlərə toxunaraq demişdir ki, Ermənistan rəhbərliyi öz siyasətini dəyişməlidir. Azərbaycan ərazisinin 20 faizinin işğal altında olması və etnik təmizləmə nəticəsində bir milyondan çox soydaşımızın məcburi köçkün vəziyyətinə düşməsi region üçün əsas təhdidir.
Baş nazir Andrus Ansip ölkəmizin Estoniyanın yaxın tərəfdaşı olduğunu söyləmişdir.
Tərəflər iki ölkə arasında biznes, mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsi üçün əməli işlərin görülməsinin vacibliyini vurğulamışlar.
X X X
Estoniyanın xarici işlər naziri ilə görüşdə Urmas Paet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu demişdir. O, Estoniya ilə bağlı viza və konsulluq məsəllələrinin Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçiriləcəyini və yaxın zamanlarda Estoniyanın Bakıda fəxri konsulluğunun açılacağını bildirmişdir.
Tərəflər bir sıra sazişlərin, o cümlədən diplomatik və xidməti pasport daşıyıcıları uçün vizalara dair sazişlərin imzalanmasının vacibliyini vurğulamışlar.
Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinin müzakirə olunduğu görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirmiş, Elmar Məmmədyarov Estoniya radiosuna müsahibə vermişdir.
Azərbaycan diplomatının Tallinndə daimi fəaliyyət göstərəcəyi barədə məlumat verən Elmar Məmmədyarov səfər çərçivəsində Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri və Estoniya parlamenti sədrinin müavini Kristina Oyuland ilə də görüşmüşdür.