ESTONİYADA YUBİLEY TƏDBİRLƏRİ KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Tallinn şəhərindəki Ratuşun binasında Azərbaycan Demokratik Respublikasının 90 illik, ümummili lider Heydər Əliyevin 85 illik, Estoniya Respublikasının 90 illik və “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin 20 illik yubileylərinə həsr edilmiş konfrans keçirilmişdir.
Tədbirdə ümumilikdə 150-dək qonaq iştirak etmişdir. Estoniyanın sabiq prezidenti Arnold Ruutel, parlamentin üzvü Andres Herkel, vitse-spiker Yuri Ratas, Estoniya parlemantinin üzvü, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev, milli azlıqlar nazirinin müşaviri Aleksandr Aydarov, Türkiyənin, Gürcüstanın və Böyük Britaniyanın səfirləri, Latviyanın cəmiyyətin inteqrasiya məsələləri üzrə tapşırıqlar naziri Oskars Kastens, Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, Tallinn şəhərinin vitse-meri Kaya Yapinnen, Lasnamae və Kristina rayonlarının icra başçıları, digər dövlət məmurları qonaqlar arasında olmuşlar.
Tədbiri Estoniya parlamentinin vitse-spikeri Yuri Ratas açmışdır. Sonra Eldar Əfəndiyev Estoniya-Azərbaycan əlaqələrindən danışmışdır. Oskars Kastens, Andres Herkel, Kaya Yapinnen və digərləri tədbirdə çıxış etmişlər.
Milli Məclisin deputatı Aydın Mirzəzadə və professor Musa Qasımov Azərbaycan Demokratik Respublikasının tarixi haqqında məruzə etmişlər.
Konfransdan sonra Azərbaycan Demokratik Respublikasının 90 illiyinə, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər göstərilmişdir.
Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan diasporu” və “Azərbaycan Demokratik Respublikası” mövzularında sərgilər təşkil olunmuşdur. Sərgilərin Estoniya parlamentində də nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə Cəfər Məmmədovun “Azərbaycanda estonlar” və eston dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” kitablarının təqdimatı da olmuşdur.
Sonda İsveçdən tədbirə qonaq qismində qatılan azərbaycanlı bəstakar Aydın Ziyadlı və Ayan Ziyadxanovanın ifasında Azərbaycan klassik musiqiləri səslənmişdir.
######
